IMG-LOGO

Süni intellekt insanları daha çox işləməyə məcbur edir - ALİMLƏR

11 Aug 2026 13:42 4 baxış
IMG
0 0

Süni intellekt artıq dünyanın bir çox böyük şirkət və ofislərində gündəlik iş prosesinin bir hissəsinə çevrilib. Bu texnologiyaların əməkdaşları rutin tapşırıqlardan xilas edəcəyi və iş yükünü azaldacağı gözlənilsə də, yeni araşdırma fərqli nəticələr ortaya qoyub.

Lent.az xəbər verir ki, "ActivTrak"ın araşdırmasına görə, süni intellektdən istifadə iş yükünü azaltmaq əvəzinə onun formasını dəyişdirir və bəzi hallarda iş gününün daha uzun çəkməsinə səbəb olur.

Araşdırma zamanı müxtəlif sahələrdə çalışan 164 min əməkdaşın ümumilikdə 443 milyon iş saatı təhlil edilib. Nəticələr göstərib ki, süni intellekt alətlərinin istifadəsindən sonra əməkdaşların iş vaxtını necə bölüşdürməsi əhəmiyyətli dərəcədə dəyişib.

Əvvəllər avtomatlaşdırmanın insanları təkrarlanan və rutin işlərdən azad edəcəyi, bununla da yaradıcılığa, mühüm qərarların qəbuluna və hətta istirahətə daha çox vaxt qalacağı düşünülürdü. Lakin araşdırmaya əsasən, praktikada vəziyyət bir qədər fərqlidir.

Süni intellektdən istifadə edən əməkdaşların həmkarları ilə ünsiyyətə və qarşılıqlı fəaliyyətə sərf etdikləri vaxt iki dəfədən çox artıb. Korporativ rəqəmsal xidmətlər və biznes proqramlarında aktivlik isə təxminən 94 faiz yüksəlib. Bununla yanaşı, diqqətin tam şəkildə bir tapşırığa yönəldildiyi "dərin iş" müddətində təxminən 9 faizlik azalma qeydə alınıb.

Mütəxəssislər bunu süni intellektlə işləməyin özünün əlavə vaxt tələb etməsi ilə əlaqələndirirlər. Əməkdaşlar neyroşəbəkələr üçün düzgün sorğular hazırlamalı, əldə olunan cavabları yoxlamalı və nəticələri iş prosesinə uyğunlaşdırmalıdırlar. Araşdırma süni intellektin əməkdaşlara avtomatik olaraq daha çox boş vaxt qazandırdığı fikrini də şübhə altına alıb.

Məlum olub ki, süni intellekt alətlərindən istifadə edən şəxslər bu texnologiyalardan yararlanmayan həmkarları ilə müqayisədə gündə orta hesabla təxminən səkkiz dəqiqə daha çox işləyirlər. Buna baxmayaraq, iş yerlərində süni intellektdən istifadə sürətlə yayılmaqda davam edir. Araşdırmada işçilərin təxminən 80 faizinin artıq gündəlik peşəkar tapşırıqlarını yerinə yetirərkən süni intellektdən istifadə etdiyi qeyd olunub.

Araşdırmanın müəllifləri hesab edirlər ki, süni intellekt görülən işin həcmini azaltmaqdan daha çox iş prosesinin təşkilini dəyişdirir. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, iş prosesi düzgün təşkil edilmədikdə süni intellektlə daimi qarşılıqlı əlaqə, artan kommunikasiya və iş gününün uzanması əməkdaşlarda emosional və peşəkar tükənmə riskini yüksəldə bilər.

araşdırma iş yükü süni intellekt

Mənbə: lent.az

Xəbər lenti