IMG-LOGO

Naxçıvanın inkişaf edən hərbi gücü – Bir İlham Əliyev imzası

12 Aug 2026 12:11 3 baxış
IMG
0 0

Son illərdə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi demək olar ki, bütün dünyanın diqqətini çəkib. Bunun Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji xəttin nəticələri olması da hamıya bəllidir.

Naxçıvanın təhlükəsizliyi və müdafiə imkanlarının gücləndirilməsi son illərdə Azərbaycanın dövlət siyasətində xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu prosesin təsadüfi deyil, ardıcıl və uzunmüddətli strateji yanaşmanın nəticəsi olduğunu göstərir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Naxçıvanın coğrafi xüsusiyyətlərinin onun təhlükəsizlik məsələlərinə münasibətdə xüsusi yanaşma tələb etməsidir. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması bu ərazinin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını strateji zərurətə çevirir. Bu baxımdan Naxçıvanın hərbi potensialının gücləndirilməsi yalnız regional təhlükəsizlik məsələsi deyil, Azərbaycanın milli təhlükəsizlik sisteminin bütövlüyünün mühüm komponentidir.

İlham Əliyevin müsahibəsində xatırlatdığı Əlahiddə Ordu da məhz bu strateji yanaşmanın mühüm nəticələrindən biridir. Prezidentin sərəncamı ilə yaradılan Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Naxçıvanın xüsusi coğrafi və təhlükəsizlik reallıqlarına uyğun hərbi struktur kimi formalaşdırılıb. Bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, Naxçıvanın müdafiəsi ayrıca və xüsusi diqqət tələb edən istiqamət kimi dövlət səviyyəsində müəyyənləşdirilib.

Bu gün isə həmin xəttin yeni mərhələsi müşahidə olunur. Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda hərbi potensial müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması hesabına daha da gücləndirilir. Burada söhbət yalnız silah və texnikanın sayından getmir. Müasir ordu modeli həm texnoloji üstünlüyü, həm peşəkar hərbi hazırlığı, həm də çevik və yüksək hazırlıqlı bölmələrin mövcudluğunu tələb edir.

Prezidentin “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri də bu kontekstdə qiymətləndirilə bilər. Azərbaycanın son illərdə həyata keçirdiyi hərbi modernləşmə siyasəti ordunun imkanlarının yenilənməsinə, müdafiə qabiliyyətinin yüksəldilməsinə və müxtəlif coğrafi istiqamətlər üzrə təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsinə yönəlib. Naxçıvan istiqamətində görülən işlər də bu ümumi hərbi-strateji siyasətin tərkib hissəsi kimi təqdim olunur.

Burada əsas məqam ardıcıllıqdır. Naxçıvanın müdafiə potensialının gücləndirilməsi bir gündə həyata keçirilən tədbir deyil. Əlahiddə Ordunun yaradılması, hərbi hissələrin modernləşdirilməsi, müasir texnika ilə təminat və komando qüvvələrinin formalaşdırılması bir-birini tamamlayan mərhələlərdir.

Prezidentin son açıqlamaları Naxçıvanın müdafiəsinin Azərbaycanın təhlükəsizlik siyasətində xüsusi prioritet olaraq qalacağını göstərir. Bu siyasətin əsas məqsədi isə dəyişməz olaraq Naxçıvanın təhlükəsizliyini təmin etmək, onun müdafiə imkanlarını müasir tələblərə uyğunlaşdırmaq və Azərbaycan Silahlı Qüvvələrinin ümumi gücü daxilində bu strateji bölgənin dayanıqlığını daha da artırmaqdır.

Prezidentin Naxçıvan səfəri

Mənbə: lent.az

Xəbər lenti