“Prezident İlham Əliyevin Naxçıvana son səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf istiqamətləri baxımından mühüm mesajlarla yadda qaldı.
Dövlət başçısının müsahibəsində Naxçıvanın təhlükəsizliyi, iqtisadi potensialı, nəqliyyat imkanları və gələcək inkişaf perspektivləri ilə bağlı mühüm məqamlara toxunması bu bölgənin Azərbaycanın yeni regional reallıqlarında artan roluna diqqət çəkir. Səfər çərçivəsində əsası qoyulan layihələr və açılışı baş tutan infrastruktur layihələri bu siyasi yanaşmanın praktiki müstəvidə davam etdirildiyini göstərir”.
Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
F.Şahbazlı qeyd edib ki, Naxçıvan Azərbaycanın tarixində, dövlətçilik ənənələrində və geosiyasi xəritəsində hər zaman xüsusi mövqeyə malik olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın qarşıdakı dövrdə daha böyük strateji əhəmiyyət qazanacağını göstərir:
“Prezidentin Naxçıvanla bağlı mesajlarında diqqət çəkən əsas məqamlardan biri muxtar respublikanın təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsidir. Azərbaycan Ordusunun gücü və Naxçıvan Muxtar Respublikası Əlahiddə qoşunlarının ordumuzun ayrılmaz tərkib hissəsi olması ilə bağlı verilən mesajlar bu məsələyə dövlət səviyyəsində xüsusi əhəmiyyət verildiyini göstərir.
Digər mühüm istiqamət Naxçıvanın iqtisadi inkişafıdır. Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin formalaşması, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından ciddi perspektivlər vəd edir. Bu layihə xüsusilə gənclərin məşğulluğunun artırılması və işsizliyin azaldılması baxımından mühüm rol oynaya bilər”.
Fərid Şahbazlı bildirib ki, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də Naxçıvanın gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın regionda formalaşan yeni nəqliyyat reallıqlarında rolunun artması Naxçıvan üçün yeni imkanlar yaradır: “Dəmir yolu və digər infrastruktur layihələri muxtar respublikanın regional nəqliyyat və logistika qovşağına çevrilməsi üçün mühüm zəmin formalaşdırır.
Eyni zamanda, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Planın hazırlanması muxtar respublikanın gələcəyinə uzunmüddətli baxışın göstəricisidir. Sosial evlər, DOST xidmətləri, şəhərsalma və infrastruktur layihələri isə bu inkişafın mərkəzində insan amilinin dayandığını göstərir”.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri və start verdiyi layihələr, eyni zamanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvan üçün yeni inkişaf mərhələsinin konturlarını ortaya qoyur. Bu mərhələdə əsas hədəf Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən daha fəal və regional əlaqələrdə daha güclü mövqeyə malik bir mərkəzə çevrilməsidir. Naxçıvanın strateji coğrafi mövqeyi və həyata keçirilən layihələr bu hədəflərin reallaşdırılması üçün ciddi potensial yaradır”.
Fərid Sahbazlı
Siyasi Şərhçi
Prezident İlham Əliyev sosial xəbərlər məqaləMənbə: lent.az