Şən və bilərəkdən absurd şəkildə hazırlanan kompozisiya superqrupun ən məşhur mahnılarından birinə çevrilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Traveling Wilburys” adlı Britaniya-Amerika rok superqrupunun 1990-cı ildə təqdim etdiyi “Wilbury Twist” mahnısı kollektivin ən yadda qalan əsərlərindən birinə çevrilib.
Halbuki kompozisiya əvvəlcə sadəcə zarafat məqsədilə yaranıb.
Musiqiçilər mahnını qrupun yaradıcılarından biri Roy Orbisonun ölümündən sonra yazıblar. Onlar ağır itkini yaşamaqla yanaşı, gərgin atmosferi bir qədər yüngülləşdirməyə çalışıblar.
Nəticədə şən və bilərəkdən absurd hazırlanmış mahnı qrupun son albomuna daxil edilib və “Traveling Wilburys”-in ən tanınmış kompozisiyalarından biri olub.
“Wilbury Twist” necə yaranıb?
Roy Orbisonun ölümündən sonra Traveling Wilburys üzvləri yenidən birgə işləməyə başlayıblar. Lakin onlar adi səsyazma studiyasına qayıtmaq istəməyiblər.
Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linn Los-Ancelesin Bel-Er rayonunda şəxsi ev kirayələyərək orada müvəqqəti studiya yaradıblar. Musiqiçilər həmin məkanı zarafatla “Camp Wilbury” adlandırıblar.
Qrup məhz burada ikinci və sonuncu albomu olan “Traveling Wilburys Vol. 3” üzərində işləyib. Albom müəyyən mənada Roy Orbisonun xatirəsinə həsr olunub.
Albomda musiqiçilərin dostlarını itirmələrinin yaratdığı kədər hiss olunsa da, onlar mahnılardan birini bilərəkdən mümkün qədər əyləncəli və absurd hazırlayıblar. Söhbət “Wilbury Twist” kompozisiyasından gedir.
Mahnıda olduqca gülməli rəqs təlimatları yer alır. Dinləyicilərə əllərini başlarına qoymaq, ayaqlarını qaldırmaq, hətta alt paltarında otaqda hoppanmaq kimi absurd hərəkətlər etmələri təklif olunur.
Roy Orbisonun ölümünün yaratdığı ağır atmosfer fonunda “Wilbury Twist” musiqiçilərə bir qədər rahatlamağa və kədərdən uzaqlaşmağa kömək edib. Sonda məhz bu mahnı albomun son sinqlı kimi seçilib.
Mahnının bilərəkdən qeyri-ciddi hazırlanmasına baxmayaraq, “Wilbury Twist” Traveling Wilburys-in ən məşhur əsərlərindən birinə çevrilib. Kompozisiya ABŞ-ın “Billboard Mainstream Rock Tracks” siyahısında 46-cı yerə yüksəlib. Daha sonra isə “Far Out Magazine” tərəfindən qrupun ən yaxşı 10 mahnısı sırasına daxil edilib.
Maqazin ölümündən sonra hitə çevrilən mahnıMənbə: lent.az