IMG-LOGO

“Bu birlik bizim ən böyük gücümüz idi” - Antiterror iştirakçısı

19 Sep 2026 11:00 5 baxış
IMG
1 0

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin ən mühüm mərhələləri kimi yadda qaldı. Bu döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulan tapşırıqların icrasında iştirak etdi.

Lent.az xəbər verir ki, həmin tarixi hadisələrin iştirakçılarından biri Daxili Qoşunların baş çavuşu Rzaqulu Qurbanovdur.

O, Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatında iştirak edib, döyüşlərdə qazandığı təcrübəni bu gün də hərbi xidmətində tətbiq edir.

2014-cü ildə müddətli həqiqi hərbi xidmətə başlayan Rzaqulu Qurbanov sonradan hərbi xidmətini davam etdirmək qərarına gəlib və 2016-cı ildən Daxili Qoşunların sıralarında xidmət edir.

Hazırda xüsusi təyinatlı bölmələrdən birində pulemyotçu kimi xidmət edən baş çavuş Rzaqulu Qurbanov intizamı, dözümlülüyü, çevikliyi və peşəkarlığı ilə seçilir. Döyüş hazırlığı və xidmətə məsuliyyətli yanaşması ona hərbi kollektivdə silahdaşlarının hörmətini qazandırıb. Pulemyotçu kimi xidmət edən Rzaqulu Qurbanov üçün bu vəzifə yalnız silahdan istifadə bacarığı ilə məhdudlaşmır.

Onun sözlərinə görə, bu ixtisas yüksək hazırlıq, soyuqqanlılıq, dözümlülük və döyüş yoldaşlarına etimad tələb edir:

“Pulemyotçu olmaq böyük məsuliyyətdir. Bu vəzifə yalnız silahdan istifadə bacarığı deyil, həm də soyuqqanlılıq, dözümlülük və silahdaşlarına güvənmək deməkdir. Döyüş meydanında hər bir saniyənin, hər bir qərarın əhəmiyyəti var. Ona görə də hərbi qulluqçu daim öz üzərində işləməli, döyüş hazırlığını yüksək səviyyədə saxlamalıdır”.

Rzaqulu Qurbanovun döyüş yolu Vətən müharibəsi ilə yanaşı, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatını da əhatə edir. O, həmin əməliyyatlar zamanı qarşıya qoyulan tapşırıqların icrasında iştirak edib. Hərbi qulluqçunun xidmət fəaliyyəti dövlət tərəfindən də qiymətləndirilib. O, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Döyüş günlərini xatırlayan baş çavuş həmin dövrdə hərbi qulluqçuların qarşılıqlı etimad və birlik nümayiş etdirdiyini bildirir.

Onun sözlərinə görə, mürəkkəb şəraitdə tapşırıqların uğurla yerinə yetirilməsində silahdaşlar arasındakı həmrəylik mühüm rol oynayıb:

“Döyüş meydanında yanındakı silahdaşına güvənmək çox vacibdir. Hər kəs bir-birinin arxasında dayanır. Vətən müharibəsində də, antiterror əməliyyatında da bu birlik bizim ən böyük gücümüz idi. Qarşımıza qoyulan tapşırıqları yerinə yetirmək üçün sona qədər bir yerdə olduq”.

Döyüşlərin onun yaddaşında ən ağır iz buraxan məqamları isə şəhid silahdaşları ilə bağlıdır. Rzaqulu Qurbanov onların xatirəsinin hərbi qulluqçular üçün daim müqəddəs olduğunu vurğulayıb:

“Şəhid olan silahdaşlarımızı heç vaxt unutmuruq. Onların hər biri Vətən qarşısında borcunu sonadək yerinə yetirdi. Bu gün azad edilmiş torpaqlarda Azərbaycan bayrağının dalğalanmasını görəndə onların fədakarlığı yada düşür. Bizim borcumuz onların əmanət etdiyi bu Zəfəri qorumaqdır. Vətən sevgisi, peşəkarlıq və məsuliyyət hər bir hərbi qulluqçunun fəaliyyətinin əsasını təşkil etməlidir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda bayrağımızın dalğalanması bizim üçün böyük qürurdur. Mən Daxili Qoşunların hərbi qulluqçusu kimi Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etməyimlə fəxr edirəm. Həmin döyüşlərdə qazandığım təcrübə bu gün də xidmətimdə mənə kömək edir.

Vətənə xidmət mənim üçün sadəcə peşə deyil. Bu, böyük şərəf və məsuliyyətdir. Bizim vəzifəmiz dövlətimizin təhlükəsizliyini qorumaq, xalqımızın əmin-amanlığına xidmət etməkdir. Şəhidlərimizin keçdiyi döyüş yolunu heç vaxt unutmamalı və onların bizə miras qoyduğu Zəfəri qorumalıyıq”.

Antiterror Vətən döyüş DİN Əsgər Vətənpərvərlik

Mənbə: lent.az

Xəbər lenti