2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edən tarixi hadisədir.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat bildirib ki, bu əməliyyat həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən biridir: “Hədəfli, yüksək dəqiqliklə və qısa müddətdə həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun gücünü, peşəkarlığını, döyüş hazırlığını və müasir texniki imkanlarını bir daha nümayiş etdirdi. Əməliyyatın cəmi bir sutkadan az müddətdə başa çatması qarşıya qoyulan vəzifələrin effektiv şəkildə yerinə yetirildiyini göstərdi”.
Antiterror əməliyyatında humanizm prinsipləri əsas götürüldü
Arzu Nağıyev qeyd edib ki, antiterror tədbirləri zamanı hərbi hədəflərin zərərsizləşdirilməsi ilə yanaşı, mülki əhalinin və mülki infrastrukturun qorunması əsas prioritetlərdən biri olub: “Azərbaycan Ordusu qarşısında duran vəzifəni yerinə yetirərkən beynəlxalq humanitar hüququn prinsiplərinə, xüsusilə mülki əhalinin təhlükəsizliyinə maksimum həssaslıq nümayiş etdirdi. Əməliyyatın məqsədi hər hansı mülki əhaliyə qarşı deyil, qanunsuz silahlı birləşmələrin və hərbi infrastrukturun zərərsizləşdirilməsi idi. Əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı dəstələr tərksilah edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazidə təmin olundu”.
“Bu, 44 günlük Zəfərin məntiqi davamı idi”
Parlamentin komitə sədri vurğulayıb ki, 19-20 sentyabr hadisələrini 2020-ci il Vətən müharibəsindən ayrı qiymətləndirmək olmaz: “44 günlük müharibədə əldə edilən möhtəşəm Zəfərdən sonra Azərbaycanın qarşısında əsas vəzifələrdən biri ərazi bütövlüyünün tam təmin olunması idi. Sonrakı mərhələdə həyata keçirilən lokal xarakterli hərbi tədbirlər və strateji yüksəkliklərin nəzarətə götürülməsi 2023-cü ilin sentyabrında yekun nəticəyə gətirib çıxardı. 28 sentyabr 2023-cü ildə Samvel Şahramanyanın qondarma qurumun bütün dövlət strukturlarının 2024-cü il yanvarın 1-dək buraxılmasını nəzərdə tutan “fərman”ı da həmin hərbi-siyasi prosesin nəticələrindən biridir”.
Diplomatik və hərbi strategiyanın nəticəsi
Deputatın sözlərinə görə, 19-20 sentyabr əməliyyatı Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli diplomatik və hərbi strategiyasının nəticəsi kimi də qiymətləndirilməlidir: “Bu əməliyyatla Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Azərbaycan bayrağının ölkənin bütün ərazisində dalğalanması dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr təkcə hərbi Qələbənin deyil, Azərbaycanın suverenliyinin tam bərpa edilməsinin rəmzidir”.
Arzu Nağıyev Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri antiterror əməliyyatı


Mənbə: lent.az