Uşaqların emosional partlayışı xüsusilə də onlar ictimai yerdə yüksək səslə ağlamağa və ya qışqırmağa başlayanda valideynləri çətin vəziyyətə sala bilər. Belə anlarda böyüklər baş verənləri mümkün qədər tez dayandırmaq istəyirlər. Lakin uşağı utandırmağa çalışmaq, səsi qaldırmaq və ya ondan dərhal sakitləşməyi tələb etmək emosional gərginliyi daha da artıra bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar valideynlərə ilk növbədə uşağın hisslərini qəbul etməyi məsləhət görür. Onların sözlərinə görə, “Sakitləş” ifadəsi əvəzinə “Görürəm ki, çox məyus olmusan” demək olar.
Bu sözlər uşağa böyüyün onun yaşadığı hissləri gördüyünü və yanında qalmağa hazır olduğunu göstərir. Bununla belə, uşağın hisslərini qəbul etmək onun davranışı ilə razılaşmaq demək deyil.
Mütəxəssis qeyd edir ki, güclü emosional partlayış zamanı uşağın uzun izahları və nəsihətləri məntiqli şəkildə qəbul etməsi çətinləşir. Buna görə də əvvəlcə uşağın emosional gərginliyini azaltmağa kömək etmək, yalnız sakitləşdikdən sonra baş verənləri müzakirə etmək və davranış qaydalarını izah etmək daha məqsədəuyğundur.
Uşağın hisslərini qəbul etmək valideynin qoyduğu məhdudiyyəti ləğv etməsi anlamına da gəlmir. Valideyn eyni zamanda uşağın məyusluğunu başa düşdüyünü göstərə və müəyyən etdiyi sərhədi qoruya bilər. Məsələn, uşağın istədiyini əldə etmədiyi üçün məyus olduğunu qəbul etmək, lakin verilmiş qərarı dəyişməmək mümkündür.
Daha böyük uşaqlar və yeniyetmələrlə danışarkən isə mütəxəssis daha ehtiyatlı ifadələr seçməyi məsləhət görür.
Uşağın nə hiss etdiyini qəti şəkildə söyləmək əvəzinə “Bilirəm, bu, məyusedicidir” demək və ya “Deyəsən, bu vəziyyət səni utandırdı?” deyə soruşmaq olar. Bundan sonra uşağa öz hissləri barədə danışmaq imkanı vermək vacibdir.
uşaq psixologiyası uşağın emosional partlayışıMənbə: lent.az