IMG-LOGO

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

22 Sep 2026 14:34 3 baxış
IMG
10 0

Britni Spirsin ən məşhur mahnılarından biri olan “Toxic” əslində onun üçün yazılmayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, “Toxic” üzərində işləyərkən məhz Canet Ceksonun ifasını nəzərdə tutub.

Lakin Cekson mahnını yazdırmayıb. Bundan sonra “Toxic” avstraliyalı müğənni Kayli Minouqa təklif olunub. O da mahnını qəbul etməyib.

Kayli Minouq sonralar etiraf edib ki, səsyazma şirkətinin ofisində mahnının yalnız kiçik bir hissəsini dinləyib və onu ifa etməmək qərarına gəlib. “Toxic” dünya hitinə çevrildikdən sonra isə müğənni bu qərarını qaçırılmış fürsətlərdən biri adlandırıb.

Nəticədə mahnı Britni Spirsə təqdim olunub və onun 2003-cü ildə işıq üzü görən “İn the zone” adlı dördüncü albomuna daxil edilib. “Toxic” albomun ikinci mahnısı olub, “Billboard Hot 100” siyahısında 9-cu pilləyə yüksəlib və bir sıra ölkələrdə hit-paradlara liderlik edib.

Mahnı 2005-ci ildə Britni Spirsə karyerasının ilk “Qremmi” mükafatını qazandırıb. “Toxic” “Ən yaxşı rəqs ifası” nominasiyasında qalib olub. Daha sonra “Rolling Stone” mahnını bütün zamanların 500 ən yaxşı mahnısı siyahısına daxil edib.

Kompozisiyanın klipi də böyük populyarlıq qazanıb. Cozef Kanın çəkdiyi videoda Britni Spirs stüardessa, casus və brilyantlarla örtülmüş qadın da daxil olmaqla bir neçə fərqli obrazda görünür.

“Toxic” sonradan Britni Spirsin konsert proqramlarının ayrılmaz hissəsinə çevrilib, müxtəlif film və seriallarda səsləndirilib.

Britni Spirs Qremmi musiqi dünya ulduzları

Mənbə: lent.az

Xəbər lenti