IMG-LOGO

"Kurtlar Vadisi" ilə bağlı ETİRAF: "Biz bir şey izləyirdik, üç gün sonra gerçəkləşirdi"

24 Sep 2026 11:17 8 baxış
IMG
0 0

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə Silivri həbsxanasında həyatını itirməsi ilə bağlı yenidən aparılan istintaq "Kurtlar Vadisi" serialını da diqqət mərkəzinə gətirib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, serialda “Abidin” obrazını canlandıran Abidin Yerebakan isə illər sonra diqqətçəkən açıqlamalar verib.

Yerebakan vurğulayıb ki, Kaşif Kozinoğlu ilə bağlı hadisələrin gündəmə gəldiyi vaxt artıq serialda çəkilmirdi. Bununla belə, əvvəlki illərdə serialda göstərilən bəzi hadisələrlə sonradan real həyatda baş verənlər arasındakı oxşarlıqların onları da təəccübləndirdiyini söyləyib.

“Kim heç nəyi qabaqcadan bilə bilməz. Amma biz bir şey izləyirdik, üç gün sonra onu real həyatda yaşayırdıq. Bunu dəfələrlə görmüşük. Bu insanlar bunları haradan bilirdilər, necə yazırdılar?” – aktyor bildirib.

Yerebakan ssenaristlərin güclü müşahidə və proqnoz qabiliyyətinə malik olduqlarını qeyd edib, lakin illər sonra hadisələrə baxışının dəyişdiyini də əlavə edib.

Aktyor bildirib ki, həmin illərdə baş verənlərin arxa planını çəkiliş heyətinin üzvləri də bilmirdi. Onun sözlərinə görə, bu gün keçmiş hadisələrə yenidən baxdıqda bəzi məqamlar ona daha fərqli görünür.

Yerebakan serialda “Ömer Baba” və “Aslan Bey” kimi obrazlar vasitəsilə verilən mesajlara da toxunub və dövlət strukturları ilə bağlı ssenaridə qaldırılan məsələlər haqqında suallar səsləndirib.

Bununla yanaşı, aktyorların ssenaridə yazılan hadisələrə görə məsuliyyət daşımadığını xüsusi vurğulayıb.

“Aktyor şərhçidir. Ona nə yazılırsa, onu oynayır”, – Yerebakan bildirib.

Yerebakanın açıqlamalarında diqqət çəkən digər məqam serialın yaradıcılarından və ilk dövrünün rejissorlarından Osman Sınavın layihədən ayrılması ilə bağlı olub. Aktyorun sözlərinə görə, serialın 50-ci bölümlərinə yaxınlaşdığı dövrdə Osman Sınavın davranışlarında dəyişiklik hiss etməyə başlayıblar.

Yerebakan həmin vaxt rejissoru çox vaxt kefsiz gördüklərini, bəzən çəkiliş meydançasına gəlib heç kimlə danışmadan birbaşa ofisinə getdiyini söyləyib. Yerebakan Osman Sınavın layihədən ayrıldığını öyrəndikləri günü də xatırlayıb. Onun sözlərinə görə, komanda 55-ci bölümün çəkilişlərini başa vuraraq mövsüm finalına hazırlaşarkən Kadıköydə bir məkana səhər yeməyinə dəvət olunub.

Osman Sınav burada Raci Şaşmaz və Bahadır Özdenerlə birlikdə heyətin qarşısına çıxaraq "Kurtlar Vadisi" və "Ekmek Teknesi" layihələrini onlara təhvil verdiyini açıqlayıb.

Yerebakan həmin an bütün komandanın təəccübləndiyini bildirib.

“O qədər uğurlu, böyük gəlir gətirən layihə niyə birdən-birə təhvil verilsin? Hamımızın ağlı qarışmışdı. Hamımız şoka düşdük”, – aktyor bildirib.

Yerebakan layihənin təhvil verilməsindən sonra Osman Sınavla ayrıca danışdığını da bildirib. Aktyorun sözlərinə görə, onu televiziya sektoruna gətirən şəxsin Osman Sınav olduğunu nəzərə alaraq rejissordan onun ayrılmasından sonra serialda işləməyə davam etmələrinin etik olub-olmadığını soruşub.

Yerebakanın dediyinə görə, Osman Sınav aktyorların artıq peşəkar olduqlarını, işlərini davam etdirmələrində heç bir problem görmədiyini və yaranmış vəziyyətin yalnız onun öz məsələsi olduğunu söyləyib. Lakin Yerebakanın sözlərinə görə, Osman Sınav bundan sonra əvvəlki komanda üzvləri ilə əlaqə saxlamayıb və onların görüşmək cəhdlərinə də müsbət cavab verməyib.

Qeyd edək ki, istintaqda diqqət çəkən əsas məqamlardan biri serialdakı bəzi hadisələrlə Kaşif Kozinoğlunun ölümünün tarixləri arasındakı oxşarlıqlardır. İstintaqa dair mediada yayılan məlumatlara görə, 10 noyabr 2011-ci ildə efirə gedən 136-cı bölümdə “Kazım Kaşifoğlu” adlı obraz həbsxanada saxlanılır və ölümlə hədələnirdi.

İki gün sonra – 12 noyabr 2011-ci ildə Kaşif Kozinoğlu həbsxanada həyatını itirib. Serialın 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümündə isə “Kazım Kaşifoğlu” obrazının öldürülməsi səhnəsi yer alıb. Serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan bu mərhələdə  məlumat sahibi qismində ifadə veriblər.

Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir və serialdakı səhnələrin real hadisələrlə əlaqəsinin olub-olmadığına dair yekun hüquqi nəticə hələ açıqlanmayıb.

Kurtlar Vadisi Türkiyə serial

Mənbə: lent.az

Xəbər lenti