Türk dövlətlərinin yerləşdiyi bölgə bütün qlobal güclərin mərkəz nöqtəsidir.
Bunu "Report"un Türkiyə bürosuna Hacı Bayram Vəli Universitetinin dekanı, professor Fırat Purtaş bildirib.
Türk dünyası ilə bağlı tədqiqatlar aparan professor deyib ki, Türk dövlətləri öz aralarında əməkdaşlıq edərək xarici müdaxilələri, vurulacaq zərəri azaldırlar:
"Ona görə də bu region bütün qlobal güclərin mərkəz nöqtəsinə çevrilib. Çin və Rusiya qonşudur, ABŞ bu bölgəyə əhəmiyyət verir. Əfqanıstanda 20 il ərzində hərbi əməliyyatlar aparılıb, indi Avropa İttifaqı rəqabət xarakterli "Qlobal Gateway" adlı təşəbbüslə regiona ciddi investisiyalar qoyur. Bu vəziyyəti region ölkələrinin xeyrinə dəyişdirmək və azaltmaq üçün nə etməliyik? Əlbəttə, region ölkələri arasında güclü həmrəyliyi təmin etməliyik".
Mütəxəssisin fikrincə, bu istiqamətdə düzgün təbliğat qurularsa, TDT Avropa İttifaqından da güclü bir quruma çevrilə bilər:
"İndi Aİ-nin ortaq xarici siyasəti, təhlükəsizlik siyasəti var və bu, bir gecədə baş verməyib. Onlar hələ də bu ortaq təhlükəsizlik siyasətinə tam nail ola bilməsələr də, bu sahədə illərin xidməti var".
Professor vurğulayıb ki, Türk dövlətlərinin də çox əhəmiyyətli irəliləyişləri olub. O qeyd edib ki, Qarabağ Zəfəri, xüsusilə Şuşa bəyannaməsinin imzalanmasından sonra müdafiə məsələsindəki tərəfdaşlıq da güclənməyə başladı.
Universitetin dekanı xatırladıb ki, Türk dövlətləri hazırda öz aralarında əbədi dostluq və qardaşlıq müqavilələri imzalayırlar və Azərbaycan Türküstanla Anadolunu bir-birinə birləşdirir:
"Vətəndaş cəmiyyəti ilə bağlı münasibətlərin uzunmüddətli olmasını, perspektivdə pozulmadan davam etməsini istəyiriksə, bu tərəfdaşlığı və həmrəyliyi qeyri-hökumət təşkilatları vasitəsilə gücləndirməliyik. Bizim toplumlarımız onsuz da qardaşdır. Dil, tarixi və mədəni irsimizdən bəhs edirik. Sosial məsələləri həll etmək üçün birlikdə çalışan birliklər və vətəndaş cəmiyyəti hərəkatları vasitəsilə özümüzü bu şəkildə təşkil etmək sosial əlaqələri daha da gücləndirəcək".