"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2025-ci ili 2,499 milyon lari (1,574 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, bank 2024-cü ildən 7,291 milyon lari (4,593 milyon manat) mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 4,444 milyon lari (2,8 milyon manat, illik müqayisədə 39 % az), mənfəət vergisi ödəmələri isə 1,945 milyon lari (1,225 milyon manat, əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 661,662 milyon lari (416,847 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 % azdır. Bunun 423,384 milyon larisi (266,732 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 11 % azalaraq 521,663 milyon lariyə (328,648 milyon manat), o cümlədən depozit portfeli 16,7 % azalaraq 429,803 milyon lariyə (270,776 milyon manat) düşüb, balans kapitalı isə 17,1 % artaraq 140 milyon lariyə (88,2 milyon manat) çatıb.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
1 lari = 0,63 manat