IMG-LOGO

AFFA-nın təftiş etdiyi "Sabah", "Qarabağ" və "Neftçi"nin akademiyasında hansı yeniliklər tətbiq olunacaq? - SORĞU

05 Feb 2026 13:32 22 baxış
IMG

AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, "Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək" prosesi çərçivəsində "Neftçi", "Sabah" və "Qarabağ" klublarının akademiyalarına baxış keçirilib.

"Report"un sorğusuna cavab olaraq sözügedən akademiyaların rəsmiləri görüşlərlə bağlı təəssüratlarını bölüşüblər.

"Qarabağ" akademiyasının koordinatoru Aftandil Hacıyev:

"AFFA nümayəndələri bir müddət əvvəl qonağımız olublar. Onlar uşaq akademiyalarının durumu ilə maraqlanırlar. Görüş zamanı akademiyanın hazırkı vəziyyəti barədə məlumat vermişik, müəyyən müzakirələr aparılıb və təkliflər dinlənilib. Hələ ki, konkret yenilik yoxdur, sadəcə, fikir mübadiləsi aparılıb".

"Neftçi" akademiyasının koordinatoru Sənan Qurbanov:

"AFFA nümayəndələri akademiyamıza gələrək mövcud şəraitlə yaxından tanış oldular. Görüşdə əsasən infrastruktur məsələləri, uşaq futbolunun hazırkı vəziyyəti və gələcək inkişaf planları müzakirə olundu. Onlar bizim iş prinsipi, məşq prosesləri, lisenziyalar və qarşılaşdığımız çətinliklər, iş bölgüləri ilə maraqlandılar. Diqqət çəkən məqamnlardan biri müasir məşq metodları ilə bağlı oldu. Bu yöndə, həmçinin akademiyanın hazırkı durumu, standartlara uyğun olub-olmadığı barədə də fikirlərimizi öyrəndilər. Hətta həkimlərlə də görüşdülər və müəyyən tövsiyələr verdilər. Bu, AFFA-nın yaxşı layihələrindən biridir. Əsas məqam odur ki, belə olan halda bütün klublar daha məsuliyyətlə davranır".

"Sabah"ın akademiyasının koordinatoru Giorgi Minaşvili:

"Görüş zamanı "Sabah" Futbol Akademiyasının futbol fəlsəfəsi, məşq metodologiyası, futbolçular üçün fərdi inkişaf planları, oyunçu qiymətləndirmə meyarları, seçim prosesi və uşaq futbol yarışlarının hazırkı səviyyəsi müzakirə olundu. Görüşün vacib hissələrindən biri məşqçi təhsili və infrastrukturun inkişafı ilə bağlı idi. Bu mövzular üzrə fikirlərimi bölüşdüm.

İlk növbədə hesab edirəm ki, həm akademiyalarda, həm də futbol məktəblərində müasir gənc futbolçu inkişaf proqramının hazırlanması zəruridir. Bu proqram oyunçuların inkişaf mərhələlərini – texniki, taktiki, fiziki və psixoloji hazırlığı – aydın şəkildə müəyyən etməlidir. Eyni zamanda infrastrukturun inkişafı böyük əhəmiyyət daşıyır. Digər vacib amil isə uşaq futbolunda peşəkar və savadlı məşqçilərin fəaliyyət göstərməsidir. Hesab edirəm ki, bütün yaş qrupları üzrə rəqabətli liqaların təşkili də çox vacibdir. Bunun üçün klublar və komandalar səviyyələrinə görə qruplaşdırılmalıdır ki, ən güclü komandalar bir-biri ilə qarşılaşsınlar. Bu, oyunların keyfiyyətini artıracaq və azərbaycanlı futbolçuların ümumi inkişafına töhfə verəcək. Düşünürəm ki, bu cür görüşlər mütəmadi keçirilməlidir. Çünki onlar açıq müzakirələrə şərait yaradır və futbolun ümumi inkişafına dəstək olur.

Qısamüddətli planlardan danışmaq asan deyil, çünki gənc futbolçularla iş hər zaman uzunmüddətli və davamlı bir prosesdir. "Sabah" Futbol Akademiyasının əsas məqsədi futbolçuların komanda daxilində fərdi inkişafını təmin etməkdir. Akademiyada artıq vahid məşq metodologiyası və oyun fəlsəfəsi tətbiq olunub və bu istiqamətdə gündəlik, sistemli iş aparılır. Hazırda seçim prosesi üzərində fəal şəkildə çalışırıq, futbolçuların bütün mərhələlər üzrə - texniki, taktiki, fiziki və psixoloji - strukturlaşdırılmış inkişafına, həmçinin hər bir oyunçu üçün fərdi inkişaf proqramlarının hazırlanmasına xüsusi diqqət yetiririk. Əminəm ki, bu yanaşma nəticəsini verəcək".

Xəbər lenti