IMG-LOGO

Döyüş yoldaşı: Şəhid Rafiq Hüseynov xəbərsiz maşına minərək cəbhəyə yollanmışdı

20 Feb 2026 11:45 50 baxış
IMG

Şəhid Rafiq Hüseynov gənc yaşına baxmayaraq könüllü şəkildə cəbhəyə yollanıb.

Bu fikirləri "Report"un əməkdaşına şəhidin döyüş yoldaşı, I Qarabağ müharibəsində batalyon komandirinin müavini, baş leytenant Nizami Qasımov mərhumla bağlı təəssüratlarını bölüşərkən deyib.

N.Qasımov gənc olduğuna görə Rafiq Hüseynovu döyüşə buraxmaq istəmədiklərini deyib:

"Buna baxmayaraq, o, xəbərsiz döyüş maşınına minərək cəbhəyə yollandı. Döyüşlər zamanı Azərbaycan hərbçiləri Sırxavənd, Qaraşlar və Bəşirlər kəndlərinə qədər irəliləyərək həmin əraziləri erməni işğalından azad ediblər. Fevralın 16-da isə erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrini mühasirəyə alıb və texniki imkanlar sıradan çıxarılıb".

O əlavə edib ki, həmin döyüşlərdə onların kəndindən 17 nəfər iştirak edib və 8-i itkin düşüb.

İtkin şəhidin bacısı Sona Hüseynova isə jurnalistlərə açıqlamasında deyib ki, qardaşı Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyurdu, döyüşlər başlayan kimi özü könüllü cəbhəyə getdi:

"O, cəbhəyə gedəndən sonra xəbər ala bilmədik. Beləcə nə öldüsü, nə qaldısı bilindi. Şükür ki, indi qardaşımın məzarı var və gözümüz yollardan yığışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim qürur yerimizdir".

Qeyd edək ki, Rafiq Hüseynov 1992-cı il iyunun 15-də Ağdam rayonunun Sırxavənd kəndində gedən döyüşlər zamanı itkin düşüb.

Xəbər lenti