Lent.az-ın müsahibi modelyer Leyla Əhmədovadır.
- Bir modelyer kimi küçədə sakinlərimizin geyimi sizi qane edir?
- İstəyərdim, insanlarımız daha eleqant, səliqəli, müasir və yerinə düşən paltarlarda görüm. Hər yerin bir geyim tərzi var. Ona fikir vemrək lazımdır. Modelyerlər nələrisə tövsiyə edirlərsə, də olan nə varsa, o demək deyil ki, alıb geyinməliyik. Yaraşırmı, yaraşmırmı, baxmaq lazımdır.
- İnsanlarımız daha çox tünd və qara rənglərə üstünlük verirlər. Nə ilə bağlıdır bu?
- Ümumiyyətlə, insanın qara rəngi seçməsinin psixoloji məqamları var. Sanki onun qəlbində bəzi nöqsanlar var və o, həyata qara rəngin tərəfindən baxır. Hər bir rəng insan bədəninə öz enerjisini ötürür. O rənglər insana həyatında olan anları yaşadır. Lakin bu proseslər şüurlu yox, şüuraltında baş verir. İkinci tərəfi odur ki, qara rəng gec ləkə götürür. Allah insanı rənglərin çiçəklərin içində yaradıbsa, deməli, bizə bunu bir nümunə kimi göstərir. Bu gün şərq naxışlarımıza baxsaq, görəcəyik ki, təbiətdən, Allahdan gəlib.
- Hörümçək torunun özü belə bir naxışdır.
- Bəli, bunu demək istəyirəm. Bu, Allahdan bizə ismarıcdır ki, təbiətdən istifadə edək. Qara paltar geyinəndə belə ona bir detalla ruh qatmaq olar. Bu, qalstuk ola bilər, broş, kəmər, çanta ilə ona rəng qatsaq, daha gözəl olar.
- Geyim mövzusunda hansı stereotiplərimiz qalıb?
- Mən özüm dəbdə çox stereotipləri qırmışam. İnsanlarımız 1990-cı illərdə şalvar geyinmirdilər, ayıb sayırdılar. Halbuki Avropa qadınları 1950-ci illərdə geyinirdilər. Bizdə daha çox ətəklər üstünlük verirdilər. Düşünürəm ki, Azərbaycan qadınları zövqlüdür və gözəl geyinməyi bacarırlar. 70-80 faiz insanımız zövqlü geyinir.
- Əvvəlki illərdə deyirdilər ki, 1960-1970-ci illərin dəbi qayıdır. İndi hansı dövrün dəbi qayıdıb?
- 1980-ci illərin döngəsi var hazırda. Bu gün Azərbaycan çox müasirdir. Cavanlarımız açıq-saçıqlığa görməmiş kimi qaçırlar. Arada "adət-ənənə" sözü adama ləzzət edir (gülür). İstəyərdim ki, xanımlarımız açıq-saçıq geyinsələr belə evdən-evə keçərkən cavanların "gözləri qamaşmasın" deyə üstlərinə bir yaylıq atsalar, daha hörmətli görsənərlər. Açıq-saçıqlıq mənim kolleksiyamda yetərincə var. 1999-cu ildə "Şəkər qızları" kolleksiyasını yaradanda dünyada belə analoqu olmayan bir dəbdən söhbət aparırdım. "Qızılgül" paltarımıza baxsanız (açıq-saçıq bir geyimdir, başında taca bənzər qızılgül təsvir edilib - red.), orada qızılgüldən başqa bir şey görməyəcəksiniz. Təqdimat çox önəmlidir. Açıq-saçıqlıq olsa belə, ifrat dərəcəsində gəlmir adama.
- Amma o gündəlik bir geyim deyil. Məsələn, səhnədə, bir qala gecəsində geyiniləsi geyimdir. Bəs gündəlik həyatda o açıq-saçıqlıq necə olmalıdır ki, "göz qamaşdırmağa" yox, estetikaya xidmət eləsin?
- Hər geyimin bir yeri var. Əyləncəyə gedəndə əyləncə paltarı geyinirik. Amma o paltarla "Tarqovı"da gəzmək düzgün deyil. Şortun da, kostyumun da yeri var. Kişilərimizin yayda şort geyinib şəhərdə gəzməyini modelyer olaraq qəbul etmirəm. Bunu bəzi insanlar hörmətsizlik kimi qəbul edir. Bəziləri isə dəbdəbəli baxır. Bu cür fikir müzakirəni yaratmamaq üçün biz hər geyimimizi yerinə uyğun seçək. Şəhərdə Azərbaycan gənclərinin, qızlarının qısa şortla "Tarqovı"da gəzməsi Avropadan gələn, Şərq üslubuna uyğun olmayan tərzdir. Pis baxmıram buna, sadəcə deyirəm ki, yerini bilsinlər. Xanımlarımız elə geyinirlər ki, bəylər nəsə söz deyir onlara. Bəydir də, bir fikri yaranır. Bu yaxşı söhbətə də çevrilə bilər, pis də ola bilər.
- Hər il rənglər elan edirlər və deyirlər, bu ilin dəbdə olan rəngləri bunlardır. Bu rəngləri kimlər, nəyə əsasən seçirlər?
- Fransada, İtaliyada moda ilə bağlı korporasiyalar var. O korporasiyaların verdiyi qərarlara əsasən o rənglər elan olunur. O rənglərin əsasında modelyerlər, brendlər eyni rəngdə paltarlar istehsal edirlər. Bəzi detallar açıqlanır. Məsələn, geyimlərdə 2 il gül-çiçək detalları, rəngləri dəbdə olacaq.
- Bəlkə, hər il rənglərin elan edilməsi kapitalizmə xidmət edir? Rənglər elan edildikdən sonra bütün geyim şirkətləri kolleksiyalarını o rənglər üzərində qururlar. Özləri insanların tələblərini təyin edirlər, sonra o tələb üzrə təkliflər irəli sürürlər. Bununla da insanları daha rahat idarə etmək olur. Hər rəngdə çeşid yartmaqdansa 1-2 rəngdə yaratmaq daha asandır.
- Çox gözəl mövzudur. Moda hər dəfə dəyişikliyini, dəbini, yaradıcılığını qoruyur. Haqlısınız, bu, geyim şirkətlərinin işini çox asanlaşdırır. Lakin o da var ki, bu paltarları bir il geyinirik, köhnəlir, mövsümü gedir, insan kökəlir, arıqlayır, ya da gözü yorulur o rənglərdən.
- Bu ilin dəbli rəngləri hansılardır?
- Açıq mavi rənglə sarı, qızılı, gümüşü ağ rəng, yaya doğru isə narıncı, açıq yaşıl rənglərə üstünlük veriləcək. Yaz mövsümündə qəhvəyi, şabalıdı rənglər dəbdə olacaq. Şabalıdı rənglə mavi, yasəmən, boz rəngləri çox gözəldir. Açıq boz rəngli köynəklə şabalıdı rəngdə kostyum geyinə, bir aksesuarla da onu tamamlaya bilərsiniz. Ayaqqabı, saat çox vacibdir. Eynək belə obraz yaradır. Modelyerlik çox gözəl sənətdir.
- Bəzi brendlər var ki, mənasız şeyləri çox baha qiymətə moda adı ilə sırıyır. Məsələn, "Balenciaga" bir ağ "skoçu" qolbağı adı ilə yüksək qiymətə satır. Bu yaxınlarda bir marka sarı sellofanı çanta adı ilə satırdı. Bu nədir?
- Bunu ideya böhranı adlandırıram. Artıq fikir tükənib, ona görə elə şeyləri satırlar. O markanın adı var, tanınır deyə, elə şeyləri 6 min dollara sata bilirlər. O markanın fanatları gedib "skoç" şəklində qolbağını satırlar. Avropalıların da həyat tərzi budur. "Skoçu" qoluna keçirib ondan ləzzət alırlar. Bayaq sellofanı çanta kimi satdıqlarını dediniz. Əgər onun altına yazsaydılar ki, dünyanı paketlərdən xilas edək, onda o satış onlara halal olardı.
Bir neçə il əvvəl "oversize" dediyimiz boş paltarları hamı geyinirdi. "Oversize"ın yeri var. Məsələn, dincəlmək üçün geyinmək olar. Xalatla o geyimin fərqi nədir? Hər bir paltarın formasını daha da estetikləşdirməyin tərəfdarıyam. Belə bir söz var, sanki xanımlar gedib atalarının, qardaşlarının qarderoblarından paltarlarını geyindilər və dedilər ki, bu dəbdir. Hər geyimin öz yeri var.
O vaxt "Qadınlar gül bağçasıdır" kolleksiyam çıxanda gülürdülər ki, belə paltar olar? O nə güldür başına taxıb?
- Elza Seyidcahanın geyimləri də təqribən o tərzdə olur və ara-sıra müzakirə də edilir.
- Əvvəl qəbul etmirdilər, amma Elza bunu qəbul etdirə bildi. Elzanın gücü ondadır ki, hər bir mahnısına görə, şıltaqlığına görə obrazını tapa bilir. Bəzi ulduzlarımız öz obrazlarını tapıblar, bəziləri isə axtarışdadırlar, özlərini bir-birinə oxşadırlar.
- Siz Zeynəb Xanlarova üçün də paltar tikmisiz...
- Bəli, Zeynəb Xanlarovanın iki layihəsini mən işləmişəm. Onun özünə məxsus gözəl zövqü var. Zeynəb Xanlarovadan başqa divaların divası Aygün Kazımova var. Biz onunla çox stereotipləri qırmışıq. Aygün bura gəldisə, moda evi Aygünə dönür. 30 il olacaq ki, rəfiqəyik. Bir qadın olaraq çox müdrikdir.
- Başqa hansı məşhurlarla işləyirsiz?
- Manana, Nazpəri Dostəliyeva, Faiq Ağayevlə, Samir Bağırovla və bir çox tanınmışlarla işləmişəm.
- Sənət adamları kaprizli olurlar. Çətin deyil ki onlarla işləmək?
- Bundan ləzzət alıram. Onlar da kapriz etməyəcək, kim edəcək...
Foto - İlkin Nəbiyev © APA GROUP
modelyer Leyla Əhmədova moda dəb müsahibə









