IMG-LOGO

İsrail ordusu İsmayıl Əhmədinin öldürüldüyünü təsdiqləyib

20 Mar 2026 17:19 3 baxış
IMG

İsrail Müdafiə Ordusu İran generalı və "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri İsmayıl Əhmədinin öldürüldüyünü təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İ.Əhmədi "Bəsic"in əməliyyatlarının təşkili və həyata keçirilməsində əsas mövqe tutub.

"İsmayıl Əhmədi İranda etirazların zorakılıqla yatırılması üzrə əsas əməliyyatlara rəhbərlik etməkdə, mülki etirazçıların kütləvi şəkildə həbs edilmələrində mərkəzi rol oynayıb", - məlumatda bildirilib.

"Bəsic" bölməsi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibinə daxildir.

Bu gün SEPAH öz rəsmi nümayəndəsi Əli Məhəmməd Naeininin həlak olduğunu bildirmişdi. Daha sonra İsrail Müdafiə Ordusu da onun öldürüldüyünü təsdiqləyib.

Eyni zamanda, "Al Hadath" SEPAH-ın hərbi kosmik qüvvələrinin komandanı Mehdi Kureyşinin öldürüldüyünü bildirib. Məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti