IMG-LOGO

ABŞ Nigeriyaya hərbçilər və kəşfiyyat dronları göndərib

21 Mar 2026 23:07 4 baxış
IMG

Birləşmiş Ştatlar kəşfiyyat potensialını gücləndirmək və ölkənin şimal-şərq bölgələrində antiterror əməliyyatlarının keçirilməsi üçün Nigeriya Silahlı Qüvvələrinə təlim keçmək məqsədilə bu ölkəyə pilotsuz uçuş aparatları (PUA) və 200-ə yaxın hərbi qulluqçu göndərib.

"Report" xəbər verir ki, bu barədə güc strukturlarının nümayəndələrinə istinadən yerli "Daily Nigerian" nəşri məlumat yayıb.

Qeyd olunub ki, qərar Nigeriya hakimiyyətinin müraciətinə cavab olaraq qəbul edilib.

Afrika ölkəsinə göndərilən PUA-lar arasında "MQ-9 Reaper" kəşfiyyat aparatları da var. Onların yerləşdirilməsi Çad gölü zonasında fəallığını artırmış ekstremist qruplaşmalara qarşı mübarizəyə yönəlib. Nəşrin mənbələrinin bildirdiyinə görə, Amerika hərbi personalı birbaşa döyüş əməliyyatlarına cəlb olunmayacaq - onların vəzifələri kəşfiyyat və müşahidə aparmaqla məhdudlaşır. Nigeriya Silahlı Qüvvələrinin bu cür yardıma kəskin ehtiyacı var.

Qeyd edək ki, fevralın 16-da terror təhdidləri ilə mübarizəyə dəstək göstərmək məqsədilə 100-ə yaxın amerikalı hərbçidən ibarət ilk qrup Nigeriyaya gəlib. ABŞ-dən olan mütəxəssislər hərbi nəqliyyat aviasiyası vasitəsilə ölkənin şimal-şərqində yerləşən Borno ştatının paytaxtı Mayduquri şəhərinə göndərilib.

Analitiklər vurğulayırlar ki, Vaşinqton Nigeriyanın şimal-şərqində öz kəşfiyyat PUA-ları üçün dayaq məntəqəsi yaratmaq niyyətindədir. Bu, qonşu Nigerdəki analoji bazanın itirilməsindən sonra Sahel regionunda vəziyyəti izləməyə imkan verəcək.

Xəbər lenti