IMG-LOGO

Hüseyn Yusubov: II İliya müsəlmanların da qəlbində iz qoymuş lider idi

23 Mar 2026 17:35 4 baxış
IMG

II İliya müsəlmanların da qəlbində iz qoymuş lider idi, o, müsəlmanların ibadətinə və azərbaycanlı gənclərin təhsilinə böyük dəstək verib.

Bunu "Report"un Gürcüstan bürosuna Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyib.

O, qeyd edib ki, Patriarx II İliyanın bu qədər sevilməsinin səbəbləri, onun müxtəlif icmalar arasında yaratdığı körpülər və Gürcüstanda dini tolerantlığın formalaşmasındakı roludur:

"Beş günlük vidalaşma mərasimi dövründə yüz minlərlə insan kilsəyə axın edirdi. Minlərlə azərbaycanlı da bu mərasimlərdə iştirak etdi. Dəfn günü isə artıq milyonlarla insan küçələrə çıxmışdı. Orada çox maraqlı və təsirli mənzərələrin şahidi olduq. Hətta azyaşlı uşaqlar, körpələr belə bu mərasimə gətirilmişdi".

H.Yusubov vurğulayıb ki, II İliya təkcə pravoslav icmasının lideri deyildi, o, bütün Gürcüstan üçün bir mənəvi dayaq idi. O bildirib ki, xüsusilə müsəlman icması və azərbaycanlılar üçün onun çox böyük xidmətləri olub:

"Məsələn, bir çox məscidlərin tikintisinə və bərpasına məhz onun dəstəyi ilə nail olunub. Sovet dövründə dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət ocaqlarının açılması onun xeyir-duası ilə həyata keçirilib".

Konqresin rəhbəri qeyd edib ki, eyni zamanda təhsil sahəsində də böyük dəstəyi olub:

"Gürcüstanda yaşayan azərbaycanlı gənclərin ali təhsilə çıxış imkanlarının genişlənməsində onun mühüm rolu var. "1+4" proqramı çərçivəsində minlərlə azərbaycanlı gənc Tbilisi universitetlərində təhsil almağa başlayıb. Bu layihə nəticəsində gənclər əvvəlcə hazırlıq mərhələsindən keçərək gürcü dilini öyrənir, daha sonra ali təhsil alırlar. Bu proses bu gün də davam edir".

Xatırladaq ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də vəfat edib. O, martın 22-də dəfn edilib. Azərbaycanı vida mərasimində parlamentin spikeri Sahibə Qafarova və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.

Xəbər lenti