İtaliyanın Baş naziri Ciorcia Meloni hökuməti tərəfindən təklif olunan islahatla bağlı referendumda uğursuzluğa uğradıqlarını etiraf edib.
"Report" xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsindəki müraciətində bildirib.
"Suverenlik xalqa məxsusdur və bu gün xalq öz mövqeyini birmənalı şəkildə ifadə etdi. Hökumət sözünün üstündə durdu: seçki kampaniyası zamanı bəyan edilmiş islahatı müzakirəyə çıxardı və qərarı vətəndaşların öhdəliyinə buraxdı. İtaliyanın modernləşdirilməsi üçün əldən verilmiş fürsətə görə təəssüf hissi qalsa da, biz əvvəlki kimi bu seçimi qəbul edirik. Bununla belə, aldığımız mandat çərçivəsində dövlətin rifahı naminə öz vəzifələrimizi sakit və vicdanla yerinə yetirməyə davam edəcəyik. Qətiyyətlə, məsuliyyətlə, İtaliyanın və onun xalqının maraqlarına hörmətlə irəli gedəcəyik", - baş nazir bəyan edib.
Səslərin hesablanmasının ilkin nəticələrinə görə, referendum iştirakçılarının 54,47 %-i islahatın əleyhinə çıxış edib. Səsverməyə konstitusiyaya uyğun olaraq dövlət hakimiyyətinin müstəqil qolu sayılan məhkəmə-istintaq sisteminin strukturunun dəyişdirilməsi və səlahiyyətlərin yenidən bölüşdürülməsi ilə bağlı kifayət qədər spesifik məsələ çıxarılmışdı.