Neftin kağız fyuçerslərinin manipulyasiyası onu yanacaqdoldurma məntəqələrində real yanacağa çevirməyəcək.
"Report" xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd-Baqer Qalibaf "X" sosial şəbəkəsində bildirib.
"Neft fyuçerslərinə təsir göstərmək üçün işə götürülən firmalar da daxil olmaqla qiymətli kağız bazarında baş verənlərdən xəbərdarıq. İctimai rəyi manipulyasiya etmək üçün daha böyük bir kampaniya da görürük. Ancaq görək bunu yanacaqdoldurma məntəqələrində "həqiqi yanacağa" çevirə biləcəklərmi və ya benzin molekullarını çap edə biləcəklərmi", - o yazıb.
Qeyd edək ki, neft fyuçersləri bazarında hər gün real dünya istehlakından on dəfə çox olan "kağız neft" satılır. Müxtəlif hesablamalara görə, həqiqətən hasil olunan hər barel neft üçün yalnız törəmə müqavilələr şəklində mövcud olan 20-30-a qədər "kağız" barel var. Bu fərq yanacaq qiymətlərinin manipulyasiyası üçün zəmin yaradır. Dünya neft təchizatının əsas marşrutlarından biri olan Hörmüz boğazında gəmilərin hərəkətində fasilələr, həmçinin ABŞ və İsrailin əməliyyatı zamanı İran və Fars körfəzi ölkələrinin enerji obyektlərinə zərbələr endirilməsi neftin dünya qiymətlərində dəyişikliklərə səbəb olub.