1970-ci ildə Britaniyanın məşhur King Crimson qrupunun təqdim etdiyi "Lizard" kompozisiyası 56 il keçməsinə baxmayaraq, hələ də proqressiv rok tarixinin ən möhtəşəm əsərlərindən biri hesab olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 23 dəqiqə davam edən bu musiqi əsəri caz, klassik musiqi və rok elementlərini birləşdirərək janrın sərhədlərini genişləndirib.
"Lizard" adi rok mahnılarından fərqli olaraq, bənd və nəqarət quruluşuna malik deyil. Əvəzində bir neçə hissədən ibarət böyük musiqi süitası kimi hazırlanıb və King Crimson qrupunun üçüncü studiya albomunu yekunlaşdırıb.
Kompozisiyanın müəllifləri qrupun lideri Robert Fripp və şair, mahnı sözləri müəllifi Piter Sinfild olub. Əsər "Prince Rupert Awakes", "Bolero – The Peacock's Tale", "The Battle of Glass Tears" və "Prince Rupert's Lament" bölmələrindən ibarətdir. Süitada orkestr parçaları, caz improvizasiyaları və mürəkkəb instrumental keçidlər üstünlük təşkil edir.
"Lizard" albomu qrup üçün çətin dövrdə ərsəyə gəlib. Debüt albomunun böyük uğurundan sonra kollektivin heyəti demək olar ki, tamamilə dəyişmiş, Robert Fripp isə ilk heyətdən qalan yeganə üzv olmuşdu.
Əsərin diqqətçəkən məqamlarından biri də Yes qrupunun solisti Con Andersonun "Prince Rupert Awakes" hissəsində qonaq vokal ifa etməsidir. Bu əməkdaşlıq həmin dövr üçün nadir hadisələrdən biri sayılır.
İlk yayımlandığı vaxt mürəkkəb quruluşuna görə birmənalı qarşılanmayan "Lizard" illər keçdikcə proqressiv rokun ən eksperimental və dəyərli əsərlərindən biri kimi qəbul olunmağa başlayıb. 2009-cu ildə Stiven Uilson və Robert Fripp albomun yenilənmiş miksini hazırlayaraq dinləyicilərə yeni formada təqdim ediblər.
Kommersiya hiti olmasa da, mürəkkəb aranjimanları və ənənəvi musiqi qaydalarından kənara çıxması "Lizard"ı rok musiqisinin inkişafında mühüm mərhələlərdən birinə çevirib. Bu gün də 23 dəqiqəlik bu musiqi epopeyası proqressiv rok həvəskarlarını heyrətləndirməyə davam edir.
musiqi rokMənbə: lent.az