IMG-LOGO

Qrossi: ABŞ və İran arasında danışıqlar həftəsonu İslamabadda keçirilə bilər

25 Mar 2026 12:41 4 baxış
IMG

İran və ABŞ arasında atəşkəs və nüvə sazişinin əldə olunması məsələləri üzrə danışıqlar həftəsonu Pakistanda keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi "Corriere Della Sera"ya müsahibəsində bildirib.

"Düşünürəm ki, həftəsonu İslamabadda məsləhətləşmələr (ABŞ və İran arasında - red.) baş tuta bilər", - o deyib.

Qrossinin sözlərinə görə, danışıqlar çərçivəsində tərəflər təkcə İranın nüvə proqramını deyil, həm də raket proqramı ilə bağlı məsələləri və Tehran üçün gələcək təhlükəsizlik zəmanətlərini müzakirə edə bilərlər.

"Ehtimal edirəm ki, danışıqlar daha geniş olacaq və yalnız münaqişənin başlamasına səbəb olan nüvə proqramına toxunmayacaq. Bu dəfə danışıqlar masasında raket məsələləri və təhlükəsizlik zəmanətləri də olacaq", - o bildirib.

Qrossi vurğulayıb ki, nüvə proqramı üzrə əvvəlki danışıqlarda Omanın yaxşı vasitəçilik səylərinə baxmayaraq, tərəflər qarşılıqlı razılığa gələ bilməmişdilər. İndi isə AEBA rəhbərinin fikrincə, razılaşmaların əldə olunmasına silahlı münaqişə təsir göstərir.

"Müharibənin üç həftəsi öz izini qoyub. Böyük ziyan dəyib, İranın iqtisadi və istehsal infrastrukturuna zərbə endirilib. Bu, danışıqların bir az fərqli getməsinə səbəb olacaq. Mən yenidən zənginləşdirməni (uranın - red.) müzakirə etmək və ya qismən razılaşmalar barədə düşünmək imkanı görmürəm", - Qrossi deyib.

O vurğulayıb ki, İranın nüvə proqramı geniş və iddialı olub, Fordo, İsfahan və Natanzdakı çoxsaylı obyektləri özündə birləşdirib.

"Biz ümid edirik ki, bütün qurğuları və nüvə materiallarını əhatə edərək, AEBA-nın işini bərpa edə biləcəyik", - o bildirib.

Xəbər lenti