IMG-LOGO

Dünya Bankı Serbiyanın qaz sektoru layihələrinə dəstək verəcəyini bildirib

28 Mar 2026 03:49 4 baxış
IMG

Dünya Bankı Serbiyanın qaz sektorunda layihələrə dəstək verməyə hazırdır.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə enerji meneceri Stefani Gilin rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviçlə görüşündə bildirilib.

Görüş zamanı Serbiyanın energetika sektoruna yönəlmiş yeni çoxillik dəstək proqramı müzakirə olunub.

Proqram qaz infrastrukturu inkişafının maliyyələşdirilməsini və enerji səmərəliliyinə investisiyalar qoyuluşunun davam olunmasını əhatə edəcək.

D.Handanoviç bildirib ki, yeni çoxillik proqram bir neçə mərhələdən ibarət olacaq:

"İlk mərhələdə Nis və Velika Plana bölgəsi arasında qaz kəmərinin tikintisi və sonrakı mərhələlərdə həyata keçiriləcək layihələr üçün texniki sənədlərin hazırlanması nəzərdə tutulur. Bu layihələr arasında Mokrin–Belqrad qaz kəmərinin inşası, yeni qaz anbarlarının və ona aid kəmərlərin qurulması da var. Əsas niyyətimiz növbəti iki il ərzində Şimali Makedoniya və Ruminiya ilə iki yeni qaz interkonneksiyasının inşasını həyata keçirməkdir. Bu, tədarükün şaxələndirilməsi və təhlükəsizliyinin artırılması baxımından əhəmiyyətlidir. Dünya Bankının proqramı çərçivəsində daxili şəbəkəni təkmilləşdirərək qazın fasiləsiz daşınmasına təsir edən "dar boğazlar" aradan qaldırılacaq".

Görüşdə həmçinin qaz infrastrukturu inkişafının hidrogenin nəqli imkanlarını da əhatə edə biləcəyi, beləliklə enerji keçidinin dövründə infrastrukturdan daha çevik istifadə imkanı yaradılacağı müzakirə olunub.

Dünya Bankı nümayəndələri qaz sektoru başda olmaqla planlaşdırılan prioritet enerji layihələrinin həyata keçirilməsində Serbiyaya dəstək verməyə hazır olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, Serbiya bu sahədə yüksək imkanlara malikdir və regionun digər ölkələri üçün nümunə ola bilər.

Xəbər lenti