IMG-LOGO

Yağış sularına təslim olan ŞƏHƏRLƏR – Son illərdə iqlim dəyişikliyinin dünyada TÖRƏTDİYİ FƏSADLAR

28 Mar 2026 14:58 3 baxış
IMG
3 0

Dünən səhər saatlarından başlayan yağış gecə saatlarında daha da güclənib. Nəticədə leysan yağışları Bakıda və bölgələrdə fəsadlara yol açıb: bir çox əraziləri su basıb, ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Rəsmi açıqlamaya görə, Bakı və Abşeronda yağıntının miqdarı aylıq normadan dörd dəfə çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-dir.   

Yağıntı bölgələrdə də gözləniləndən artıqdır. Belə ki, Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Bərdə və Tərtərdə 29 (aylıq normanın 109%-i) mm təşkil edir.

Yağıntının fəsadları, yolların subasması, şəhər və qəsəbələrdə hərəkətin iflic olması ölkəmizdə olduğu kimi dünyanın hər yerində müşahidə olunur. Təbiətin “şıltaqlığı”ndan heç bir ölkə sığortalanmayıb. Dünyanın çox ölkələri yağış sularının ağuşunda naəlac qalıb. Güclü yağışlar bütün şəhərləri bir-birinə bənzətdi Yayılan videolardan yağış sularının əlindən çarəsiz görünən bütün şəhərlər bir-birini təkrarlayır. Keçilməz, sel basmış Dubay Əmirliyinin yolları ilə Ermənistan küçələri fərqlənmir. Suya həsrət Ərəbistan yarımadası görünməmiş fəlakət yaşayır. Dubay cəmi bir neçə saat ərzində su altında qalıb. Güclü yağışlar Omanda da təhlükəli vəziyyət yaradıb. İntensiv yağışlar nəticəsində daşqınlar baş verib, avtomobillər selə düşüb, yolları su basıb. Leysan yağışlar, kütləvi daşqınlar Avstraliyanı da cənginə alıb. Bəzi bölgələr tamamilə su altında qalıb.

Havay adaları isə son 20 ilin ən ağır daşqınlarından birini yaşayır: evlər, yollar, təsərrüfatlar zərər görüb. ABŞ və Avropa ölkələri də yağışlar qarşısında aciz qalıb... Ümumiyyətlə leysan yağışlar təkcə bu il dünyanı təəccübləndirmir. Son illərdə qlobal iqlim dəyişikliyi özünü bu cür aqressiv yağıntlarla göstərir. Ötən il Amerika Birləşmiş Ştatlarının hətta mərkəzi hissəsində güclü yağışlar dağıdıcı daşqınlara səbəb olmuş, azı 16 nəfər həlak olmuşdu. Texas, Arkanzas, Missuri, Tennessi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilirdi. 2024-cü ildə isə İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatmışdı. Cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu əlaqələrini sıradan çıxarmışdı.

Bütün bunlar onu göstərir ki, antropogen təsirlər nəticəsində təbiətin nizamı pozulub. Təbii fəlakətin nə zaman baş verəcəyini proqnozlaşdırmaq xeyli çətinləşib. Bu vəziyyət isə təbiətin şıltaqlığının törətdiyi fəsadlarla mübarizəni inkişaf etmiş ölkələr üçün belə müşkülə çevirir.../bizimmedia.az

təbii fəlakətlər güclü yağışlar leysan yağışları

Xəbər lenti