IMG-LOGO

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir

03 Apr 2026 15:23 4 baxış
IMG

Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir.

"Report" xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.

Həmçinin sənədə görə, terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

Qanun layihəsində qeyd edilib ki, məcəllənin 214-4.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

Xəbər lenti