Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti transsərhəd kibercinayətkarlığa qarşı mübarizədə əsas amilə çevrilir.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə "Qaztech" alyansının İnformasiya təhlükəsizliyi Komitəsinin həmsədri Yevgeni Pitolin bildirib.
Onun sözlərinə görə, kibercinayətkarlığın sərhədi yoxdur və cinayətkarların özləri fiziki olaraq yerləşmək üçün, o cümlədən iş şəraiti və rəqəmsal mühiti nəzərə alaraq, daha çox TDT ölkələrini seçirlər.
Y.Pitolin qeyd edib ki, dövlətlərarası razılaşmalarla yanaşı, çox vaxt dövlət mexanizmlərindən daha sürətlə inkişaf edən praktiki qarşılıqlı fəaliyyət xüsusi rol oynayır.
O, həmçinin bildirib ki, cari ildə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Türkiyənin iştirakı ilə "Turkish Digital Leaders Summit"in keçirilməsi gözlənilir. Tədbir çərçivəsində kibertəhlükəsizlik üzrə ayrı-ayrı genişmiqyaslı blokların, eləcə də korporasiya və dövlət səviyyələrində kiberrisklərin idarə olunması üzrə təhsil modullarının təşkili nəzərdə tutulur.
Ekspertin fikrincə, məhz praktiki əməkdaşlıq, təcrübə mübadiləsi və TDT ölkələrinin peşəkar icmalarının birbaşa qarşılıqlı əlaqəsi müasir kibertəhlükələrə effektiv reaksiya sistemini formalaşdırır.