IMG-LOGO

"Zirə"nin futbolçusu Eren Aydın: "Kəpəz"ə vurduğum qol karyeramın ən yaxşısıdır"

08 Apr 2026 13:30 3 baxış
IMG

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"ə vurduğu qol "Zirə"nin futbolçusu Eren Aydının karyerasında ən yaxşıdır.

Bunu futbolçu "Report"a açıqlamasında deyib.

"Həmin məqamı çox dəqiq xatırlayıram. Qapını gördüyüm anda vurmaq istədim və top ayağımdan çox "təmiz" çıxdı. Qol olduqdan sonra hiss etdiyim duyğu həqiqətən özəl idi. Bu, karyeramda vurduğum qollar arasında ən yaxşısıdır. Çünki həm sol ayağımla vurmağım, həm də topun getdiyi yer baxımından çox gözəl qol idi".

Peşəkar Futbol Liqasının "Ayın qolu" layihəsində martın qalibi seçilən türkiyəli hücumçu bu uğurun onun üçün əhəmiyyətini vurğulayıb:

"Açığı, belə mükafat almaq hər bir oyunçu üçün çox dəyərlidir. Mən meydana çıxanda hər zaman ən yaxşısını etməyə fokuslanıram, lakin bu qolun ayın qolu seçilməsi mənim üçün gözəl sürpriz oldu. Əlbəttə, belə bir qol vuranda diqqət çəkəcəyini bilirdim, amma qalib seçilmək xoşbəxtlikdir".

Mövsümün qalan hissəsi üçün hədəflərindən danışan futbolçu azarkeşlərə gözəl oyun vəd edib:

"Hər matça komandaya töhfə vermək üçün çıxıram. Qol vurmaq və ya məhsuldar ötürmə etmək fərq etməz, əsas olan komandaya kömək etməkdir. Amma fürsət tapdıqca belə qollar vurmağa davam etmək istəyirəm. Ümidvaram ki, mövsümün qalan hissəsində də azarkeşlərə gözəl qollar izlədə biləcəyəm".

Qeyd edək ki, E.Aydın Misli Premyer Liqasının XXIII turunda evdə "Kəpəz"lə matçın 5-ci dəqiqəsində fərqlənmişdi.

Xəbər lenti