IMG-LOGO

Sunniya Durrani-Camal: "ADB transsərhəd infrastrukturun inkişafında Azərbaycana dəstək göstərə bilər"

10 Apr 2026 13:03 3 baxış
IMG

Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan hökuməti hazırda uzun növbələrin qarşısını almaq üçün transsərhəd infrastrukturun inkişafı istiqamətində işləyir.

Bunu "Report"un sualına cavabında ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal "Asiyanın İnkişaf Perspektivləri" (Asian Development Outlook, ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

"Hazırda biz sıxlığın qarşısını almaq üçün transsərhəd infrastruktur üzərində işləyirik. Lakin bu əməkdaşlıq sahəsi hələ Azərbaycan hökuməti ilə müzakirə mərhələsindədir", - ADB nümayəndəliyinin rəhbəri vurğulayıb.

S.Durrani-Camal qeyd edib ki, qlobal nəqliyyat axınlarının yenidən bölüşdürülməsi barədə danışmaq hələ çox tezdir və hazırda yalnız müvəqqəti ləngimələr müşahidə olunur:

"Lakin məsələyə daha geniş nəzər salsaq, Azərbaycanın dövlət strategiyasına və investisiyalarına əsasən görürük ki, hökumət ölkəni logistika və nəqliyyat qovşağı kimi mövqeləndirir. Söhbət yalnız keçmişdə boru kəmərlərinə investisiya qoyuluşu vasitəsilə neft və qazın nəql edilməsindən deyil, həm də enerji və rəqəmsal bağlantının inkişafından gedir. Hesab edirəm ki, bu, iqtisadiyyatın şaxələndirilməsi strategiyasının ən vacib hissəsidir. Bir sözlə, biz yalnız neft sektorundan kənara çıxacağıq. Göstərdiyimiz dəstəyə gəlincə, daha əvvəl biz dəmir yolu və avtomobil yolu infrastrukturuna, eləcə də birbaşa dəmir yolu xətlərinin inkişafına əhəmiyyətli vəsait yatırmışıq".

Onun sözlərinə görə, hazırda ADB hökumətlə birgə əməkdaşlığın səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirir:

"Dəmir yollarında rəqəmsallaşdırma və siqnalizasiya sistemlərinə böyük investisiya yatırırıq. ADB digər sektorlarda da eyni yanaşmanı tətbiq etməyə ümid edir. Beləliklə, rəqəmsallaşdırma fiziki keyfiyyətdən əməliyyat keyfiyyətinin yaxşılaşdırılmasına keçid üçün əsas amil olacaq. Fiziki infrastruktur, rəqəmsallaşdırma və transsərhəd keçidlər ADB-nin dəstək göstərə biləcəyi istiqamətlərdir".

Xəbər lenti