IMG-LOGO

Dünyaca məşhur əsər əsasında çəkilən film gözləntiləri üstələdi

11 Apr 2026 11:09 4 baxış
IMG
32 0

Fransua Ozonun "Yad" (The Stranger) filmi Alber Kamyunun "Yad" povestinin müasir və olduqca istedadlı interpretasiyasıdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ssenari orijinalı mükəmməl şəkildə canlandırır, eyni zamanda imperiya və irqi bərabərsizlik mövzularına müasir baxış bucağından yanaşır.

Ekran işi böyük dəqiqliklə çəkilib. Hadisələr 1940-cı illərin fransız Əlcəzairində cərəyan edir (çəkilişlər Mərakeşdə aparılıb). Süjetə görə, anti-qəhrəman Merso ölüm cəzası ilə nəticələnə biləcək ağır qətldə ittiham olunur. Bu rolu canlandıran aktyor Benjamin Vuazen personajın laqeydliyini və hətta apatik halını ustalıqla nümayiş etdirib.

Tamaşaçıya vaxtaşırı Mersonun keçmişindən fraqmentlər göstərilir: onun Əlcəzairdəki darıxdırıcı ofis işi, vəzifə artımından və Parisə köçməkdən imtina etməsi. Bu səhnələr qəhrəmanın öz maraqlarına qarşı nə qədər biganə olduğunu daha da qabardır. Mersonun anasının ölümünə reaksiyası da eynidir; o, anasını dövlət qocalar evinə yerləşdirmişdi və cənazə vaxtı qızmar günəş altında tabutun arxasınca gedərkən mütləq bir soyuqqanlılıq nümayiş etdirir. Hətta anasının pərəstişkarının huşunu itirməsi də ona təsir etmir.

Süjet boyu qəhrəmanın hisslərini oyada biləcək bir çox hadisə baş versə də, bu baş vermir. Nəticədə, Merso bir nəfəri güllələyir və bu hərəkət irqçi bir addım kimi qiymətləndirilir. Bununla belə, baş qəhrəman özünə bəraət qazandırmağa, özünü müdafiə etdiyini və ya anasının ölümünə görə sarsıntı keçirdiyini deməyə çalışmır. Digər cinayətkarlardan fərqli olaraq, o, peşmançılıq barədə də heç nə demir. Qətlin səbəbi soruşulduqda isə sadəcə "C'était à cause du soleil", yəni "Hər şey günəşə görə idi" cavabını verir. Bu davranış prokurorluğu həddən artıq qəzəbləndirir.

Kamyunun romanında qurbanın adı yoxdur, o, sadəcə "ərəb" kimi qeyd olunur. Filmdə isə qurbanın və bacısının adları var ki, bu da həmin məqamın daha humanist təqdimatından xəbər verir. Bundan əlavə, film qatilin ölümə məhkum edilməsi ilə bitir, halbuki real həyatda hadisələr bu cür nəticələnməyə bilərdi.  

Alber Kamyu "Yad" mədəniyyət film

Xəbər lenti