IMG-LOGO

Polşa Ukraynanın dəstəyi ilə PUA armadası yaradacaq

27 Apr 2026 14:02 3 baxış
IMG

Polşanın Baş naziri Donald Tusk ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün müasir pilotsuz uçuş aparatları (PUA) armadasının yaradılmasında Ukrayna ilə əməkdaşlıq etdiyini elan edib.

"Report" "Interia Wydarzenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, "Ukraynanın bərpası üzrə Konfransa gedən yol: təhlükəsizlik və müdafiə ölçüsü" adlı tədbirdə bildirib.

"Bu gün Polşa təhlükəsizliyinin inkişafında yeni mərhələni sizinlə birgə açmaqdan qürur duyuram. Və fəxr edirəm ki, bu layihədə tərəfdaşımız bu gün səmada taleyi həll edən sahədə ən böyük təcrübəyə malik olan bir ölkədir", - o deyib.

Tusk qeyd edib ki, Polşanın dron armadasının yaradılması proqramı ukraynalı mütəxəssislərin texniki həllərinin dəstəyi ilə həyata keçiriləcək.

O, Ukraynanın digər dövlətlərə, o cümlədən Yaxın Şərqdəki ölkələrə yardım təcrübəsini xatırladaraq vurğulayıb ki, Ukrayna öz hava məkanının müdafiəsini gücləndirməyə çalışan ölkələr üçün mühüm tərəfdaşa çevrilib.

"Polşa-Ukrayna münasibətləri və Avropa ilə Ukrayna arasındakı münasibətlər müharibə edən ölkəyə birtərəfli yardım deyil. Biz Ukraynanın da çox şey verə biləcəyi bir tərəfdaşlıq modeli qura bildik", - Tusk əlavə edib.

Xatırladaq ki, bazar ertəsi Donald Tusk Polşanın Rjeşuv şəhərində Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşüb.

Xəbər lenti