IMG-LOGO

Azərbaycanla Polşa arasında dini sahədə əməkdaşlıq müzakirə olunub

27 Apr 2026 17:24 4 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 27-də Polşa Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomaş Mişkeviç ilə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Polşa arasında dini sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlərin önəmi müzakirə olunub.

R.Məmmədov Azərbaycanda dini təhsil sahəsində aparılan islahatlardan, ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində görülən işlərdən və dini maarifləndirmə sahəsində reallaşdırılan layihələrdən bəhs edib. O, dini və mədəni müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi kimi qorunmasının vacibliyini vurğulayaraq bu dəyərlərin gələcək nəsillərə sağlam və davamlı şəkildə ötürülməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin dini təhsil sahəsində ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

T.Mişkeviç Azərbaycanın regionda artan rolunu, Azərbaycanın sülh və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərdə fəal iştirakını qeyd edib. Bununla yanaşı, dinlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın mövqeyini önə çəkərək, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrin müsbət nəticələrinə diqqət çəkib.

Xəbər lenti