IMG-LOGO

Qazaxıstan Azərbaycan və Özbəkistanla "yaşıl enerji" üzrə sazişi ratifikasiya edib

27 Apr 2026 21:03 5 baxış
IMG

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiya edilməsi barədə" Qanunu imzalayıb.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, qanunun mətni mətbuatda dərc olunub.

Saziş 13 noyabr 2024-cü ildə Bakıda üç dövlətin başçıları tərəfindən imzalanıb.

Sənəd təmiz energetika və enerji səmərəliliyi sahəsində strateji tərəfdaşlığın inkişafına yönəlib. Söhbət ekoloji təmiz hidrogen və ammonyakın istehsalı və ticarəti üzrə birgə layihələrin həyata keçirilməsindən, eləcə də bərpa olunan elektrik enerjisinin etibarlı transsərhəd ötürülməsi üçün şəraitin yaradılmasından gedir.

Tərəflər "yaşıl elektrik enerjisi"nin sabit ötürülməsi üçün texniki və kommersiya parametrlərini müəyyən etmək, müasir enerji səmərəli texnologiyaları tətbiq etmək və enerjinin, o cümlədən Avropa istiqamətində ixracı üçün infrastrukturu inkişaf etdirmək barədə razılığa gəliblər.

Daxili enerji şəbəkələrinin genişləndirilməsinə və Qara dəniz sualtı elektrik verilişi xəttinə qoşulma imkanlarının öyrənilməsinə xüsusi diqqət yetirilib.

Saziş çərçivəsində paritet əsasda ildə ən azı iki dəfə toplanacaq Rəhbər Komitə, həmçinin illik əməkdaşlıq planlarının hazırlanması üçün işçi qrup yaradılır.

Həmçinin məlumatların məxfiliyinə dair müddəalar və mübahisələrin məsləhətləşmələr və danışıqlar yolu ilə həlli mexanizmləri təsbit edilib.

Xəbər lenti