Rəsmi Pekin yeni "Avropada istehsal olunub" qanununun Çin şirkətlərinə zərər verəcəyi təqdirdə Avropa İttifaqını (Aİ) mümkün cavab tədbirləri barədə xəbərdar edib.
"Report"un xəbərinə görə, bu barədə "Xinxua" agentliyi Çinin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Pekin bildirib ki, Avropa İttifaqının sənayedə sürətləndirmə qanunu investisiyalara ciddi maneələr və institusional ayrı-seçkilik yaradır.
Çin qanunvericilik prosesini yaxından izləyəcəyini və Brüssel ilə dialoqa açıq olduğunu vurğulayıb. Bununla yanaşı, Pekin hesab edir ki, bu reqlament xarici investorların hüquqlarını məhdudlaşdıra və Aİ-nin yaşıl keçidini ləngidə bilər.
"Əgər Çinin mövqeyi nəzərə alınmasa, ölkə əks tədbirlər görməyə məcbur olacaq", - nazirlik tədbirlərin mahiyyətini açıqlamadan bildirib.
Söhbət strateji sənaye sahələrində dövlət dəstəyi alan şirkətlər üçün komponentlərin lokallaşdırılması tələblərini tətbiq edən "Avropada istehsal olunub" ("Industrial Accelerator Act") qanun layihəsindən gedir.