IMG-LOGO

WP: Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir

03 May 2026 08:35 3 baxış
IMG

Yanacağın bahalaşması və qlobal neft bazarında artan gərginlik fonunda Ağ Ev administrasiyası ciddi siyasi və iqtisadi fəsadlar olmadan benzinin qiymətini cilovlamaq üçün əlçatan mexanizmləri, demək olar, tükəndirib.

"Report" xəbər verir ki, bu barədə sosioloji tədqiqatların nəticələrinə və analitiklərə istinadən "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Hörmüz boğazında naviqasiya məhdudiyyətləri nəticəsində ABŞ-də benzinin orta qiyməti cəmi bir həftə ərzində 30 sentdən çox artaraq bir qallon üçün 4,39 dollara (təxminən 3,8 litr - red.) qalxıb.

Yanacağın qiymətinin artması amerikalı istehlakçıları xərclərini azaltmağa məcbur edir: "Washington Post", "ABC News" və "Ipsos"un birgə sorğusuna əsasən, ABŞ sakinlərinin 44 %-i şəxsi nəqliyyatdan daha az istifadə etməyə başladıqlarını, 42 %-i gündəlik xərclərini azaltdıqlarını, 34 %-i isə səyahət və məzuniyyət planlarına yenidən baxdıqlarını etiraf edib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp maliyyə naziri, Ağ Ev aparatının rəhbəri və vitse-prezidentin iştirakı ilə energetika sahəsinin nümayəndələri ilə müşavirə təşkil edib, bu zaman neft bazarında böhranın uzanacağı təqdirdə, mümkün fəaliyyət ssenariləri nəzərdən keçirilib.

WP vurğulayıb ki, administrasiya artıq bir sıra tədbirlər həyata keçirib ki, onların da arasında strateji neft ehtiyatlarının işə salınması, bəzi ekoloji standartların müvəqqəti yumşaldılması, Rusiya neftinə qarşı sanksiya məhdudiyyətlərinin qismən dayandırılması, eləcə də yanacağın dənizlə daşınması üzrə tələblərin müvəqqəti ləğvi var.

"Bununla belə, gələcək manevrlər üçün imkanlar son dərəcə məhduddur. Nəzərdən keçirilən variantlar sırasında federal yanacaq vergisinin ləğvi və Amerika neftinin ixracına məhdudiyyətlərin tətbiqi də var, lakin hər iki tədbir mühüm risklər fonunda cüzi təsirə malik olan tədbirlər kimi qiymətləndirilir", - materialda bildirilib.

Ağ Ev nümayəndələri iddia ediblər ki, hazırkı qiymət dalğalanmaları müvəqqətidir və regiondakı vəziyyətlə şərtlənib. Bununla yanaşı, analitiklərin qiymətləndirmələrinə görə, əsas problemin həlli yalnız Hörmüz boğazı vasitəsilə fasiləsiz gəmiçiliyə zəmanət verən razılaşmaların əldə olunması halında mümkündür.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Xəbər lenti