Azərbaycanın çimərlik futbolu millisi tarixində ilk dəfə Belarus yığmasını məğlub edib.
Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Sahib Məmmədov deyib.
O, komandanın Belarusa qarşı keçirdiyi iki yoxlama oyununu şərh edib:
"Belarus çimərlik futbolunda çox güclüdür. Onlar son dünya çempionatının finalında Braziliyaya uduzmuşdular. Yəni, qarşımızda səviyyəli komanda var idi. İlk matçda uduzduq, baxmayaraq ki, qalib gəlmək üçün şanslarımız var idi. İkinci görüşü isə qələbə ilə başa vurduq. Azərbaycanda çimərlik futbolu 2008-ci ildə yaradılıb. O vaxtdan bu günə kimi heç vaxt Belarusu uda bilməmişdik".
Mütəxəssis komandada ab-havanın yüksək olduğunu vurğulayıb:
"Yığmada hazırlıq yüksək səviyyədə keçir. Keçirdiyimiz iki yoxlama matçı bizə böyük təcrübə qazandırdı. İyulda keçiriləcək Avropa çempionatının B divizionuna ciddi hazırlaşırıq. İnanırıq ki, qalib gələrək A divizionuna yüksələcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.