Azərbaycanda dövlətin yalnız fermerə deyil, aqrobiznes ekosisteminə fokuslanması önəmlidir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda aqrar biznesin, texnologiyaların və kənd təsərrüfatının gələcək inkişafı ilə bağlı məsələyə daha geniş kontekstdə baxsaq, burada dayanıqlı və rəqabətqabiliyyətli aqro-ərzaq sistemlərini qeyd etmək olar: "Dünyada bu sahədə transformasiyanı uğurla həyata keçirən Niderland və İsrail kimi ölkələrin təcrübəsi bizə çox aydın istiqamət göstərir. Məhz bu dövlətlər kənd təsərrüfatını torpaq üzərində deyil, bilik və texnologiya üzərində quraraq, kiçik əraziyə baxmayaraq dünyanın aparıcı aqrar ölkələrindən birinə çevrilməyi bacarıb".
Nazir müavininin sözlərinə görə, bu model göstərir ki, rəqabət üstünlüyü artıq resursların həcmi ilə deyil, onların necə idarə olunması ilə müəyyən edilir: "Azərbaycanda da istehsalın özündən daha çox dəyər zəncirinin - istehsal, emal, logistika və ixracın - eyni platformadan, rəqəmsal mühitdə idarə olunması onu yüksək əlavə dəyər yaradan aqro-ixracatçıya çevirə bilər. Digər bir aspekt, aqrobiznesin davamlı inkişafı üçün vahid siyasət perspektividir. Bu sahədə ən uğurlu nümunələrdən biri kimi Cənubi Koreyada "Smart Agriculture Master Plan"ı qeyd etmək olar. Belə ki, dövlət kənd təsərrüfatında "ağıllı texnologiyalar"ın tətbiqi ilə bağlı konkret hədəflər qoyur və bunu qanunvericilik, subsidiya və təlimlərlə dəstəkləyir".
S. Əsədov bildirib ki, bu baxımdan ölkəmizdə də dövlətin yalnız fermerə deyil, aqrobiznes ekosisteminə fokuslanmasını, logistika, aqro-finans, sığorta və bazara çıxışın eyni siyasət çərçivəsində inkişaf etdirilməsi önəmlidir: "Rəqəmsal transformasiya və süni intellektə inteqrasiya ilə bağlı isə qeyd edə bilərəm ki, bu kontekstdə artıq Azərbaycan özü yeni mərhələyə keçib".