Tacikistan su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, bunu Tacikistanın Bakıdakı səfiri İlhom Abdurahmon "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
"Biz su ehtiyatlarının dayanıqlı idarə olunması sahəsində Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və əminik ki, birgə səylərimiz ümumi məqsədlərə çatmağa kömək edəcək", - diplomat qeyd edib.
Səfir konfransda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərməklə balı qərara görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycanın dövlət qurumlarının, elmi dairələrinin, özəl sektorunun və vətəndaş cəmiyyətinin nümayəndələri fəal şəkildə iştirak edəcəklər.
Diplomat, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadənin iştirakını xüsusi qeyd edib və su sahəsində konstruktiv qarşılıqlı fəaliyyətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Bundan əlavə, diplomat beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələrini öz ölkələrinin və qurumlarının konfransda iştirakına kömək etməyə çağırıb.
Qeyd edək ki, "Dayanıqlı inkişaf üçün su" Onillik Fəaliyyətə (2018–2028) üzrə dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfrans 2026-cı il mayın 25-dən 28-dək Düşənbədə keçiriləcək.