Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistandan olan investorlarla pambıqçılıq sahəsində əməkdaşlığı müzakirə edir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, bundan başqa, hazırda Avstriya mənşəli şirkətlə Azərbaycanda tomat pastası və ketçup istehsalının lokallaşdırılması üzrə danışıqlar aparılır: "Bu yanaşma yalnız xammal istehsalını deyil, həmçinin pambığın tekstil sənayesində emalını da əhatə edən tam inteqrasiya olunmuş klaster modelinə əsaslanır".
O xatırladıb ki, AZPROMO-nun prioritet istiqamətləri Azərbaycana aqrobiznes sahəsi üzrə birbaşa xarici investisiyaların cəlb edilməsi, eyni zamanda yerli istehsalçıların ixrac imkanlarının genişləndirilməsidir: "Bu iki istiqamət bir-birini tamamlayır. Belə ki, ixracda rəqabət qabiliyyətinin artırılması üçün məhsulun istehsalı ilə yanaşı emalı, qablaşdırılması, keyfiyyət standartlarına uyğunlaşdırılması, loqistika təminatı və beynəlxalq bazarlara çıxışı vahid dəyər zənciri çərçivəsində qurulmalıdır".
Y. Abdullayev əlavə edib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara ixracı üzrə uzun illər ərzində formalaşmış təcrübəyə malikdir: "Lakin bizim strateji hədəfimiz bu ənənəni daha yüksək mərhələyə daşımaqdır. Bu baxımdan agentliyimizin səyləri beynəlxalq kapitalın, qabaqcıl texnologiyaların və müasir idarəetmə təcrübəsinin cəlbi vasitəsilə ölkə daxilində tam dəyər zəncirlərinin formalaşdırılmasına yönəlib".