İspaniyanın bəzi şəhərlərində eyvanda paltar qurutmaq artıq ciddi qayda pozuntusu hesab olunur. Yerli hakimiyyət orqanları bu addımı şəhərin estetik görünüşünü qorumaq və antisosial davranışların qarşısını almaq məqsədi ilə izah edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Lorka şəhərində küçədən görünən yerlərdə paltar asılması 1500 avroyadək cərimə ilə nəticələnə bilər. Qərar şəhər şurası tərəfindən təsdiqlənib.
Şəhərin meri Fulhensio Gil bildirib ki, binaların fasadları və küçədən görünən balkonlar şəhərin ümumi görüntüsünə təsir edir. Onun sözlərinə görə, yeni qaydalar “nümunəvi davranışı təşviq etmək” məqsədi daşıyır və ictimai təşkilatlar tərəfindən dəstəklənib.
Qayda pozuntusunun ağırlığından asılı olaraq cərimələr 151 avrodan 1500 avroyadək dəyişə bilər.
Bununla yanaşı, Viqo şəhərində də küçədən görünən balkonlarda paltar qurutmaq, paltar çırpmaq, döşəmə suyu tökmək və piyadalar üçün təhlükə yarada biləcək əşyalar asmaq qadağandır. Burada cərimələr 750 avroyadək yüksələ bilər.
Oxşar qaydalar Lleida, Tarraqona və Jirona şəhərlərində də qüvvədədir.
Hazırda Barselona şəhərində də bu məsələ ilə bağlı yeni qaydalar hazırlanır. Layihəyə əsasən, küçədən görünən yerlərdə paltar asılmasına görə 750 avroyadək cərimə tətbiq oluna bilər. Şəhər rəhbərliyi bunun binaların estetik görünüşünü qorumağa kömək edəcəyini bildirir.
Madrid şəhərində isə şəhərsalma qaydalarına əsasən, paltariplər küçədən görünməməsi üçün xüsusi qoruyucu sistemlə təmin edilməlidir və balkonların açıq hissəsində yerləşdirilməməlidir.
Bundan əvvəl də İspaniyada bəzi qeyri-adi qadağalar diqqət çəkmişdi. Məsələn, Sushi Toro restoranı “bacardığın qədər ye” sistemi ilə işləsə də, boşqabda artıq yemək saxlayan müştərilərə cərimə tətbiq etməyə başlayıb.
Ölkədə həmçinin velosiped sürərkən qulaqcıqdan istifadə edən şəxslər də cərimələnə bilir.
İspaniya cərimələr