Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans rejimində Türkiyənin Qaziantep vilayətində Xoca Əhməd Yasəvi adına məktəbin açılış mərasimində iştirak ediblər.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Müasir təhsil müəssisəsi Nurdağı şəhərində yerləşir və 32 ibtidai, 4 məktəbəqədər sinif üçün nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6 min kvadratmetr təşkil edir.
Obyektin tikintisi zamanı layihə Türkiyənin qüvvədə olan təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Xüsusilə də, yüksək seysmik müdafiə, rütubət izolyasiyası və istiliyin qorunması sisteminə malik mühəndis həlləri tətbiq edilib.
Məktəb Kasım-Jomart Tokayevin təşəbbüsü ilə 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş region üçün tikilib.