Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində ölkəyə gələcək qonaqların qarşılanması, yerləşdirilməsi və onlara turizm xidmətləri göstərilməsi istiqamətində geniş hazırlıq işləri görülüb. Dövlət Turizm Agentliyi forum çərçivəsində hotellər, turizm şirkətləri, bələdçilər və iaşə obyektləri ilə koordinasiyanı gücləndirib. Bütün bu məsələlərlə bağlı "Report"un suallarını Agentliyin sədrinin müşaviri Kənan Quluzadə cavablandırıb:
– Agentlik WUF13 ərəfəsində xarici qonaqların qarşılanması və turizm xidmətlərinin təşkil edilməsi istiqamətində hansı işləri görüb? Hotellər, turizm şirkətləri və bələdçilərlə koordinasiya necə qurulub?
– WUF13 tədbirinə hazırlıq çərçivəsində Bakı və Abşeron üzrə 100-dən çox yerləşmə vasitəsinin nümayəndələri ilə mütəmadi görüşlər keçirmişik Bu görüşlər zamanı forumla bağlı bütün əsas məlumatlar sənaye nümayəndələrinə çatdırılıb. Hazırda Bakıda və Abşeronda ulduz dərəcəsi təyin edilmiş hotellərin sayı 201-dir. Bununla yanaşı, 126 digər yerləşmə vasitəsi də mövcuddur. Ulduz dərəcəsi verilmiş 201 hotel üzrə nömrə fondu 12 243, ümumi nömrə fondu isə 15 minə yaxındır. WUF13 tədbirinə hazırlıq çərçivəsində Agentlik 200-dən çox yerləşmə vasitəsinin heyəti üçün xidmət keyfiyyətinin artırılması məqsədilə idarəetmə təlimləri keçirib. Eyni zamanda yerləşmə vasitələrində və müstəqil fəaliyyət göstərən 200-dən çox iaşə obyektində milliləşdirilmiş menyuların zənginləşdirilməsi ilə bağlı görüşlər təşkil olunub.
Forum iştirakçıları üçün Azərbaycan və ingilis dillərində 24 geniş və əhatəli tematik tur proqram hazırlanıb. Bu proqramlar Bakı, Şamaxı, Lənkəran, Şəki və Qarabağ da daxil olmaqla ölkənin müxtəlif regionlarını və turistik baxımdan cəlbedici ərazilərini əhatə edir.
Həmçinin Agentlik sertifikatlaşdırılmış 157 turizm bələdçisinə "Turizm bələdçisi" vəsiqəsi təqdim edib. Sertifikatlaşdırılmış bələdçilər tədbir zamanı təşkil olunacaq tematik tur proqramlarına cəlb ediləcək.
– Forum dövründə turist axınının idarə olunması üçün hansı əlavə tədbirlər planlaşdırılıb?
– Bakıya gələn qonaqların məlumatlandırılması və istiqamətləndirilməsi məqsədilə şəhərdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilib. Hazırda bu mərkəzlər Heydər Əliyev Beynəlxalq Aeroportunda, Nizami küçəsində və İçərişəhər ərazisində fəaliyyət göstərir. Bundan əlavə, İçərişəhərdə yeni turizm informasiya mərkəzi də fəaliyyətə başlayıb.
– WUF çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması üçün hansı xüsusi layihələr və yaxud təqdimatlar nəzərdə tutulub?
– WUF13 çərçivəsində Azərbaycan Pavilyonu ərazisində ölkəmizin turizm imkanları təqdim olunacaq, müxtəlif turizm məhsulları haqqında təqdimatlar təşkil ediləcək. Eyni zamanda milli mətbəxin və mədəni irsin tanıdılması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçiriləcək.
– Agentlik WUF-un Azərbaycan turizminə uzunmüddətli təsirini necə qiymətləndirir?
– Bir sıra beynəlxalq tədbirlər kimi WUF13-ün də ölkəmizdə keçirilməsi turizm sektorunda həm qısamüddətli, həm də uzunmüddətli müsbət təsirlərə malikdir. Bu kimi tədbirlər xidmət keyfiyyətinin artırılması ilə yanaşı, göstərilən xidmətlərin sayında artım və çeşidliliyə səbəb olaraq sənayenin inkişafına təkan verir. WUF13 və daha əvvəl keçirilmiş mötəbər beynəlxalq tədbirlər turizm sənayesində, xüsusilə hotelçilik sahəsində beynəlxalq standartlara uyğun xidmət təcrübəsinin formalaşmasına, eləcə də turizm sənayesi ilə əlaqəli kiçik və orta sahibkarlığın dəstəklənməsinə mühüm töhfə verir. Ümumilikdə, bu kimi beynəlxalq tədbirlər ölkəmizə gələn minlərlə xarici vətəndaşın Azərbaycanın tarixi, mədəniyyəti, maddi və qeyri-maddi milli irsi, eləcə də müasir infrastrukturu ilə tanış olmasına və məlumatlılığın artırılmasına şərait yaradır. Bu həm də ölkənin turizm imkanlarının təbliği və müsbət imicinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, belə tədbirlər zamanı çoxsaylı xarici media nümayəndələrinin Azərbaycana gəlməsi və forumun dünya mediasının diqqətində saxlanılması ölkənin biznes və işgüzar turizm potensialının tanıdılması üçün mühüm imkanlar yaradır.
– Forumdan sonra Azərbaycanın işgüzar və tədbir turizmi (MICE tourism) sahəsində yeni imkanlar yaranacaqmı?
– Sözügedən tədbir ölkənin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın işgüzar turizm üçün aparıcı məkan kimi mövqeyini daha da gücləndirən vacib fürsətdir. Bu cür beynəlxalq tədbirlər vasitəsilə Azərbaycana müxtəlif ölkələrdən geniş iştirakçı auditoriyası cəlb olunur və ölkəmizin qlobal konfranslar xəritəsindəki mövqeyi möhkəmlənir. Bu isə gələcəkdə daha çox beynəlxalq tədbirin və forumun Azərbaycanda keçirilməsi üçün əlverişli zəmin yarada bilər.