Avropa Siyasi İcmasının (ASİ) 12-ci sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə imkan yaradır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa Günü münasibətilə keçirilən tədbirdə bildirib.
"Azərbaycan Aİ ilə münasibətlərinə məhz bu kontekstdə baxır. Biz Aİ ilə əməkdaşlığı xarici siyasətimizin mühüm istiqaməti kimi qəbul edirik və son illərdə bu münasibətlərin yeni müsbət dinamika kəsb etdiyini məmnuniyyətlə qeyd edirik", - o bildirib.
Rəfiyev Aİ Şurasının sədri Antonio Koştanın bu yaxınlarda Bakıya səfərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatı qeyd edərək vurğulayıb ki, sənəd əməkdaşlığın daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqliyi təsdiqləyib.
O həmçinin Azərbaycan və Aİ institutları arasındakı müntəzəm təmaslara, o cümlədən ali səviyyədə görüşlərə, avropalı rəsmilərin ölkəyə səfərlərinə, energetika, nəqliyyat və təhlükəsizlik sahələrindəki dialoqlara diqqət çəkib.
"Bu gün Azərbaycan və Aİ arasındakı tərəfdaşlıq strateji xarakter alır. Aİ Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. İttifaq bizim ən böyük ticarət tərəfdaşımızdır və əməkdaşlığımız artıq ənənəvi sahələrlə məhdudlaşmır", - o qeyd edib.