Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) bitdikdən sonra qaldırılan problemlər aidiyyəti qurumlar üçün priotet olmalıdır.
"Report" xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, WUF13 cəmiyyətin bütün problemlərinin müzakirəsi üçün mühüm platformadır:
"Bütün elmi istiqamətlər bu işə qatılmalıdır. Bu problemlər tədbirdən sonra unudulmamalı, aidiyyəti qurumlar üçün priotet olmalıdır".
R.Əliquliyev bildirib ki, yaşıl və rəqəmsal transformasiya artıq tədqiqat obyektinə çevrilib:
"Süni intellekt, "ağıllı şəhər" konsepsiyası aktualdır. Sadəcə, xaricdən texnologiyaları gətirib Azərbaycanda tətbiq etmə yox, onun milli kadrını hazırlamaq lazımdır. Hesab edirəm ki, bu bu məsələlər tədqiqat işi olmalı, bu fəaliyyətə elmi dəstək verilməlidir. Bəlkə də şəhərsalma ilə bağlı məsələləri araşdıran institusional qurumun, elmi-tədiqat insitutunun yaradılmasına ehtiyac var".