IMG-LOGO

Asiman İlyasov: Ali məktəblər Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində öz rolunu gücləndirməlidir

15 May 2026 12:58 3 baxış
IMG

Universitetlər Davamlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsində öz rolunu gücləndirməli və cəmiyyətə daha əhəmiyyətli təsir göstərməlidirlər.

"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektorunun müşaviri Asiman İlyasov "Təhsil, tədqiqat və potensialın inkişafı: dayanıqlı şəhər gələcəyi üçün şəraitin yaradılması" adlı panel sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda universitetlərin üç əsas missiyası var: təhsil, tədqiqatlar və innovasiyalar, eləcə də sosial təsir. Bununla əlaqədar o, Davamlı İnkişaf Məqsədlərinin tədris planları və ixtisaslar da daxil olmaqla, təhsil proqramlarına inteqrasiyasının vacibliyini vurğulayıb.

A.İlyasov qeyd edib ki, elmi fəaliyyət də əhəmiyyətli rol oynayır. Akademik əməkdaşlar xarici maraqlı tərəflərlə əməkdaşlıq etməli və SDG-lərlə bağlı tədqiqatlar aparmalıdırlar.

"Hazırda biz müəllimlər və tələbələr, xüsusən də müəllimlər üçün SDG-ləri tədqiqatlara necə inteqrasiya edə biləcəkləri və SDG-ləri nəzərə alaraq tədqiqatları necə apara biləcəkləri barədə təlimlər keçirik, çünki bildiyiniz kimi, beynəlxalq reytinqlərin nəşrlərin dünyaya nə dərəcədə təsir göstərdiyini qiymətləndirmək üçün metodologiyaları var", - o qeyd edib.

Onun sözlərinə görə, SDG-lərlə bağlı nəşrlər beynəlxalq əməkdaşlığın genişlənməsinə, istinadların sayının artmasına və elmi işlərin keyfiyyətinin yüksəlməsinə kömək edir ki, bu da öz növbəsində universitetlərin beynəlxalq reytinqlərdəki mövqelərinə müsbət təsir göstərir.

Bundan əlavə, o, təhsil proqramları hazırlanarkən əmək bazarının tələblərinin nəzərə alınmasının zəruriliyini, həmçinin universitetlərin işəgötürənlər və bələdiyyələr də daxil olmaqla, xarici iştirakçılarla qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayıb.

"Biz onların problemlərini öyrənməli və bu problemlərdən çıxış edərək tədris proqramlarını, sillabusları və məzmunu formalaşdırmalıyıq", - o əlavə edib.

İlyasov qeyd edib ki, əməkdaşlıq ikitərəfli olmalı və buna təkcə universitetlər deyil, əmək bazarının nümayəndələri də maraq göstərməlidirlər.

O həmçinin vurğulayıb ki, reytinqlər universitetlərin irəliləyişini qiymətləndirmək üçün mühüm alətdir. Xüsusilə, "QS Sustainability", "Times Higher Education Impact Ranking" və "GreenMetric" kimi Davamlı İnkişaf Məqsədlərinə yönəlmiş reytinqlər mövcuddur.

Onun sözlərinə görə, son iki il ərzində BDU müvafiq reytinqlərdə 600-dən çox pillə irəliləyib ki, bu da ali məktəbin SDG-lərin həyata keçirilməsinə sadiqliyindən xəbər verir.

"Hesab edirəm ki, dayanıqlı yanaşmanın, eləcə də məqsədlərin, missiyanın, baxışın və strateji istiqamətlərin universitetin strateji planlaşdırmasına inteqrasiyası Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə kömək edəcək", - o yekunlaşdırıb.

Xəbər lenti