Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafında, o cümlədən Orta Dəhliz və yaşıl enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.
"Report"un Türküstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Qazaxıstan İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım jurnalistlərə bildirib.
Onun sözlərinə görə, son zamanlar baş verən geosiyasi hadisələr öz nəqliyyat-logistika marşrutlarının inkişafının strateji əhəmiyyətini nümayiş etdirib.
"Təlatümlü vəziyyət yarananda bütün ölkələr bununla bağlı xərcləri hiss etdi. İndi həm Azərbaycanda, həm də Qazaxıstanda öz marşrutlarının inkişafı və möhkəmləndirilməsinin strateji əhəmiyyəti dərindən başa düşülür", - ekspert deyib.
Tasım qeyd edib ki, söhbət həm Orta Dəhlizin inkişafından, həm də birgə infrastruktur layihələrinin həyata keçirilməsindən gedir.
"Məsələn, bu, nəqliyyat marşrutlarının Orta Dəhlizlə əlaqələndirilməsi, həmçinin Qazaxıstan və Azərbaycan arasında Xəzərin dibi ilə internet kabelinin çəkilməsidir. Bunlar regionun möhkəmlənməsinə kömək edən mexanizmlərdir", - o vurğulayıb.
Onun sözlərinə görə, TDT-nin İnvestisiya Fondunun yaradılması əməkdaşlığa əlavə təkan verir.