IMG-LOGO

Ekspert: TDT ölkələri bütün mövcud potensialı praktiki müstəviyə keçirməlidirlər

15 May 2026 12:46 3 baxış
IMG

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri iqtisadi və logistik əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensiala malikdir, Orta Dəhlizin, süni intellektin və rəqəmsallaşmanın inkişaf etdirilməsi məsələləri isə qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilir.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Qazaxıstan İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım jurnalistlərə bildirib.

"Əslində, qarşıdan gələn sammitdən gözləntilər müsbətdir. Həqiqətən də TDT-yə üzv ölkələrin tarixi, mənəvi və mədəni potensialından istifadə etməyin və onu daha praktiki müstəviyə keçirməyin vaxtı çatıb", - o qeyd edib.

Ekspertin sözlərinə görə, bunun üçün ciddi əsaslar mövcuddur: "Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən, TDT-yə üzv ölkələrin ümumi ÜDM-i təxminən 2–3 trilyon dollara çatıb. Bu, qlobal ÜDM-in təxminən 2 %-ni təşkil edir. Söhbət Avrasiya İqtisadi İttifaqı və digər təşkilatlar ilə müqayisə oluna bilən nəhəng bazardan gedir".

O vurğulayıb ki, son illərdə Orta Dəhlizin rolu əhəmiyyətli dərəcədə artıb: "Xarici turbulentlik fonunda son illərdə bu marşrut üzrə daşımaların həcmi beş dəfə artıb".

Ekspert bildirib ki, logistika zəncirinin inkişafına Qazaxıstan, Azərbaycan və Türkiyənin qarşılıqlı fəaliyyəti kömək edir.

Bundan əlavə, R.Tasım qeyd edib ki, Türküstandakı sammitin gündəliyində süni intellektin və rəqəmsallaşmanın inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək: "Bu, qısa müddət ərzində iştirakçı ölkələr üçün maksimum fayda verə biləcək bir sahədir, çünki məhz o, hazırda mövcud olan institusional və instrumental maneələrin azaldılmasına kömək edir. Məsələn, söhbət gömrük bəyannaməsi məsələlərindən və gömrükdəki bürokratik prosedurların azaldılmasından gedir".

Ekspert həmçinin TDT ölkələri arasında ticarət üçün təhlükəsiz və sabit şəraitin yaradılmasının vacibliyini vurğulayıb: "Burada əsas həll yolu kimi məlumat bazalarının əlaqələndirilməsi, məlumatların təhlili və ticarət dövriyyəsi üçün vahid standartların yaradılması, eləcə də ölkələr arasında ticarətin sürətləndirilməsi üçün rəqəmsal maliyyə alətlərindən istifadə çıxış edir".

Onun fikrincə, mədəni və mənəvi yaxınlıq fonunda TDT ölkələrinin qarşılıqlı fəaliyyətinin iqtisadi əsasının gücləndirilməsi qlobal dəyişikliklər şəraitində təşkilatın rolunu artıra bilər: "İndi dünya siyasi və iqtisadi platformaların yenidən bölüşdürülməsi və yenidən qurulması dövrünə qədəm qoyub. Bu kontekstdə TDT ciddi sistem yaradan platforma kimi nəzərdən keçirilə bilər".

Xəbər lenti