IMG-LOGO

Cavid Qurbanov: "Rəqəmsallaşma və prosedurların sadələşdirilməsi TRACECA üzrə daşımaları artıracaq"

15 May 2026 13:45 3 baxış
IMG

Rəqəmsallaşma, prosedurların sadələşdirilməsi və icazələrin "vahid pəncərə" prinsipi üzrə idarə edilməsi yükdaşımaların artırılması və Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) səmərəliliyinin yüksəldilməsi üçün mühüm tədbirlərdir.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Astanada TRACECA nəqliyyat dəhlizi Hökumətlərarası Komissiyasının XVIII illik iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən TRACECA regional nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm platforma olaraq qalır: "Rəqəmsallaşmaya keçid, prosedurların sadələşdirilməsi və icazələrin "vahid pəncərə" prinsipi üzrə idarə edilməsi yükdaşımaların artırılması və dəhlizlərin səmərəliliyinin yüksəldilməsi üçün mühüm addımlardır".

C. Qurbanov bildirib ki, iclas çərçivəsində "vahid pəncərə" sistemində avtomobil daşıyıcıları üçün icazələrin rəqəmsallaşdırılması haqqında sənəd imzalanıb. Sənədi beş TRACECA ölkəsi imzalayıb.

Bundan əlavə, iclas iştirakçıları təşkilatın yeni baş katibini seçiblər. O, Özbəkistan nümayəndəsi olub.

"Dəhliz - həm mədəniyyət, ölkələrin birləşməsi, yollar, həm də xalqların birliyidir. Lakin ən əsası - o, iqtisadiyyatdır", - C. Qurbanov deyib.

Xəbər lenti