IMG-LOGO

TRACECA-nın baş katibi: "Orta Dəhlizin inkişafı Azərbaycansız mümkün deyil"

15 May 2026 13:41 3 baxış
IMG

Azərbaycan Orta Dəhlizin inkişafında mərkəzi rol oynayır və marşrutun əsas tranzit qovşağı olaraq qalır.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bunu Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin yeni baş katibi, Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev Astanada keçirilən TRACECA Hökumətlərarası Komissiyasının XVIII iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qlobal logistik zəncirlərdə və geosiyasi vəziyyətdə baş verən dəyişikliklər fonunda Orta Dəhlizin Özbəkistan üçün əhəmiyyəti artmağa davam edir: "Özbəkistan üçün TRACECA və Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu gün bizim əsas diqqətimiz məhz bu marşruta yönəlib".

O bildirib ki, 2024-cü ildə Orta Dəhlizlə təqribən 4,5 milyon ton yük daşınıb, 2025-ci ilin yekunlarına görə isə bu göstərici 5 milyon tonu keçib: "Dünya Bankının proqnozlarına görə yük axını artmağa davam edəcək. Buna görə də avtomobil və dəmir yolu daşımalarının inkişafı, eləcə də yeni logistik zəncirlərin yaradılması strateji əhəmiyyətə malikdir".

J. Çoriyev vurğulayıb ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırma və gömrük prosedurlarının unifikasiyası marşrut ölkələrinin prioritetlərindəndir.

O, Orta Dəhlizin gələcək inkişafı üçün aviasiya sektorunun əhəmiyyətini xüsusi qeyd edib: "Bu gün limanların və quru limanların yaxınlığında hava limanları yaradılır. Aviasiya logistika sisteminin mühüm hissəsinə çevrilir və yüklərin sürətli çatdırılmasında ciddi rol oynayacaq".

Azərbaycanın rolundan danışan J. Çoriyev vurğulayıb ki, Bakı olmadan marşrutun fəaliyyət göstərməsi qeyri-mümkündür: "Azərbaycansız heç cür mümkün deyil. Bütün əsas axınlar Azərbaycandan keçir. Biz infrastruktura və logistikanın inkişafına irimiqyaslı investisiyalar görürük. Azərbaycan Orta Dəhlizin əsas oyunçusu olub və elə də qalacaq".

Xəbər lenti