IMG-LOGO

Bauırjan Auken: TDT-nin Zirvə toplantısı rəqəmsallaşma əməkdaşlığını gücləndiəcək

15 May 2026 13:33 3 baxış
IMG

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə toplantısı rəqəmsal iqtisadiyyat, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın inkişafına mühüm təkan verə bilər.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiya araşdırmaları şöbəsinin aparıcı eksperti Bauırjan Auken bildirib.

Onun sözlərinə görə, indiki Zirvə toplantısının mövzusunun seçilməsi təsadüfi deyil: "Hələ ötən il Qəbələdə keçirilən Zirvə toplantısında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT çərçivəsində, o cümlədən kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat sahələrində irəli sürülməli olan bir sıra təşəbbüslər səsləndirmişdi. Bu baxımdan, bugünkü Zirvə toplantısı həmin təşəbbüslərin davamıdır".

B.Auken qlobal logistika və beynəlxalq iqtisadiyyatdakı dəyişikliklər fonunda Zirvə toplantısının əhəmiyyətini də vurğulayıb: "Bu gün qeyri-sabitlik və turbulentlik şəraitində ənənəvi nəqliyyat marşrutları artıq o qədər də aktual deyil. Məhz buna görə də Orta Dəhlizin inkişafı, düşünürəm ki, gündəliyin əsas məsələlərindən biri olacaq".

Ekspertin fikrincə, Türküstanda keçirilən Zirvə toplantısı Orta Dəhlizin potensialının inkişafına əlavə təkan vermək iqtidarındadır.

O, həmçinin Qazaxıstan və Azərbaycanın Orta və Zəngəzur dəhlizləri arasında qarşılıqlı əlaqənin inkişafında maraqlı olduğunu qeyd edib: "Burada Qazaxıstan və Azərbaycanın rolu mühümdür, çünki ölkələrimiz əməkdaşlığın əsas hərəkətverici qüvvələridir".

Ekspert əlavə edib ki, Qazaxıstan və Azərbaycan eyni zamanda formalaşmaqda olan "TDT+" formatını da dəstəkləyirlər.

Onun fikrincə, indiki Zirvə toplantısı təkcə TDT çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafına deyil, həm də Qazaxıstanla Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Xəbər lenti