Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrini birləşdirəcək layihə icra edir.
Bunu "Report"a açıqlamasında qurumun Korporativ Strategiya və Tədqiqat bölməsinin meneceri Elvin Əfəndi bildirib.
"Bu layihə onun iştirakçısı olan ölkələrinm qlobal dəyər zəncirinə çıxışını, ixrac-idxal imkanlarını artıracaq. Hazırda biz Azərbaycanda müxtəlif dövlət qurumları ilə, özəl sektorla danışıqlar aparırıq ki, fermerləri, kiçik-orta sahibkarları bu layihənin tərkib hissəsi edə bilək", - deyə o qeyd edib.
E.Əfəndinin sözlərinə görə, həm ICD-nin, həm də Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasının (ITFC) məqsədi özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın idxal-ixrac imkanlarını artırmaqdır: "Qlobal idxal-ixrac zəncirinə qoşulmaq - başqa bir ölkədən hansısa avadanlıq almaq və yaxud hansısa bir ölkəyə nə isə satmaq baxımından qısa-orta müddətli maliyyələşmə layihələrimiz var".
ICD rəsmisi qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun bu il Bakıda keçirilən illik toplantısı regional konnektiviti (əlaqəlilik) və loqistika mövzuları ətrafındadır: "Bilirik ki, Azərbaycan Orta Dəhlizdə, dünya ticarətində aktiv iştirakçıya çevrilmək istəyir. Geosiyasi vəziyyət də onu göstərdi ki, stabil, sabit coğrafi məkan yoxdur ki, bütün biznesini onun üzərindən aparasan. Bu isə Azərbaycan kimi ölkələrə yeni imkanlar açır ki, beynəlxalq investisiyalar cəlb etsin, beynəlxalq ticarətçilər çox strateji olan ölkəyə diqqət ayırsın. O baxımdan builki illik toplantımızda geosiyasi vəziyyəti iqtisadi uğura çevirmək barədə müzakirələr aparacağıq".