IMG-LOGO

Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçir

15 May 2026 15:35 3 baxış
IMG
2 0

İsveçrəli alimlər hantavirusunun kişi spermasında illərlə qala biləcəyini aşkar ediblər. Yeni araşdırmaya görə, virus yoluxmadan sonra, hətta altı ilə qədər kişi reproduktiv sistemində yaşaya bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı İsveçrənin bioloji, kimyəvi və nüvə təhlükələri üzrə fəaliyyət göstərən dövlət laboratoriyası aparıb.

Alimlər Cənubi Amerikaya səyahət zamanı And hanta virusu ştamına yoluxmuş 55 yaşlı İsveçrə vətəndaşını araşdırıblar. Müayinələr zamanı virusun qan, sidik və tənəffüs yollarında artıq aşkarlanmadığı müəyyən edilib. Lakin sperma analizlərində virus izləri yoluxmadan 71 ay sonra da aşkar olunub.

Araşdırma müəllifləri bildirirlər ki, kişi xayaları bəzi təhlükəli viruslar üçün rezervuar rolunu oynaya bilər. Bunun səbəbi immun sisteminin spermatozoidlərə qarşı tam hücum etməməsidir. Məhz bu xüsusiyyət bəzi virusların reproduktiv sistemdə uzun müddət qalmasına şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, oxşar hallar daha əvvəl Ebola və Zika virusu ilə bağlı da müşahidə olunub. Xüsusilə 2021-ci ildə Qvineyada baş verən Ebola virusunun yayılmasının illər əvvəl xəstəliyi keçirmiş bir şəxslə əlaqəli olduğu bildirilmişdi.

Araşdırma müəllifləri vurğulayıblar ki, hantavirusunun cinsi yolla ötürülmə potensialı var, baxmayaraq ki, indiyədək belə yoluxma halları rəsmi şəkildə təsdiqlənməyib.

Nəticələrdən sonra qlobal sağlamlıq risklərini izləyən Airfinity şirkətinin analitikləri kişi pasiyentlər üçün xüsusi təhlükəsizlik qaydalarının hazırlanmasını təklif ediblər. Onların fikrincə, bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə bağlı tətbiq etdiyi protokollara bənzər yanaşma istifadə oluna bilər.

Hazırda mütəxəssislər belə xəstələrə müəyyən müddət ərzində qoruyucu vasitələrdən istifadə etməyi və ya cinsi əlaqədən çəkinməyi tövsiyə edirlər.

hantavirus

Xəbər lenti